AZƏRBAYCAN İSLAM HƏMRƏYLİYİNƏ TÖHFƏ VERƏN ÖLKƏ KİMİ TANINIR
"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliyin demək olar ki, bütün üzvlərini əhatə edir və bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib".
Bu fikirləri Prezident İlham Əliyev ötən il "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın müsəlman ölkələri ilə münasibətlərinin həmrəylik və tərəfdaşlıq nümunəsi olduğunu diqqətə çatdıraraq deyib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 2011-ci ilədək İslam Konfransı Təşkilatı İKT adlanıb. Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İKT-nin Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunub. Bu barədə qərar Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində əksini tapıb. İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İKT üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün addımlar atır. Təşkilatın müvafiq orqanları islam ölkələri ilə bağlı münaqişələr və onların məruz qaldıqları təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir.
Bu il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha prezident seçkilərində qələbəsi münasibətilə dövlət başçısını təbrik edib, ona ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuğun həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini qeyd edib. Dövlətimizin başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
İslamofobiyaya qarşı açıq şəkildə çıxış edən bir çox ölkələrdə Azərbaycan tərəfindən sülh və mərhəmət dini olan islamın həqiqi mahiyyətini nümayiş etdirən və islam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edilib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb. İslam ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı və qarşılıqlı dəstəyi səsimizin beynəlxalq səviyyədə eşidilməsinə imkan yaradır. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi həmrəylik və dostluq bayramına çevrilmişdir. COVID-19 pandemiyası zamanı müsəlman ölkələrinə maliyyə və humanitar yardım göstərilməsi də Azərbaycan ilə İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmişdir.
Azərbaycanı islam ölkələri ilə təkcə milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də bağlayır. Bu məsələdə ölkəmizin siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, müsəlman ölkələri ilə əməkdaşlığımız çox sıxdır: "Siyasi sahədə fəal dialoq aparılır. Əlbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir".
Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər də Azərbaycanın xarici siyasəti üçün prioritetdir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin inkişafına səbəb olub. Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyirlər. Eyni zamanda Azərbaycan ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası ilə də əməkdaşlıq edir. Ölkəmiz müşahidəçi statusunda təşkilatın üzvüdür. Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Dövlət başçısının dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir, Ərəb Dövlətləri Liqasının Sammitində təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt ölkələrimiz arasında mövcud olan möhkəm birliyi nümayiş etdirir.
Dövlət başçısının toplantıda iştirakı ölkəmizin siyasi, iqtisadi gücünü, benəlxalq arenadakı nüfuzunu nümayiş etdirməklə yanaşı, ermənipərəst Fransanın iç üzünün dünyada ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Həm daxili, həm də xarici auditoriya ölkə başçımızın çıxışında vurğuladığı tarixi faktların fonunda Fransa və Ermənistan arasındakı həmrəyliyin eyni qəddarlıq və zorakılıqdan qaynaqlandığını gördü. Cənab Prezidentin çıxışında vurğuladığı məqamlara diqqət yetirək: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
2023-cü il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Sözügedən qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu, İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rola malikdir. 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də aktuallığı ilə yadda qalıb, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verib. Bu il iyun ayında dövlətimizin başçısı İlham Əliyevin Misirə rəsmi səfəri də tarixi hadisə oldu. Mətbuata bəyanatlarla çıxışı zamanı hər iki lider mövcud münasibətlərdən məmnunluq ifadə etdilər və əlaqələri bundan sonra da müxtəlif sahələr üzrə inkişaf etdirməyin vacibliyini bildirdilər. Qarşıdakı hədəflərdən biri də ticarət dövriyyəsinin həcminin artırılmasıdır. Eyni zamanda nəqliyyat dəhlizləri məsələsi də gündəmdədir. Səfər çərçivəsində bir sıra vacib sənədlərin imzalanması və əldə olunan razılaşmalar hədəflərə çatmaqla yanaşı, dostluq münasibətlərini daha da dərinləşdirəcək, əlaqələrimizdə yeni və mühüm səhifələr açacaq. Misir İslam coğrafiyasında, ərəb və bütövlükdə Şərq dünyasında, habelə Afrika qitəsində ciddi nüfuz sahibi olan beynəlxalq subyekt kimi qlobal siyasətdə ciddi çəkiyə malikdir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan islam həmrəyliyinə daim töhfə verən ölkə kimi tanınır. Prezident İlham Əliyevin xarici siyasət kursunda İslam dünyasının marağında olan məsələlər böyük önəm daşıyır. Azərbaycanın müsəlman ölkələri ilə qlobal əməkdaşlıqda dostluq və dəstək təşəbbüsləri həmrəyliyin və tərəfdaşlığın nümunəsidir.
Nurəngiz Adilqızı.