lider-media.az

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Tarix: 11-07-2024, 19:28

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan bildirilib ki, iclasda AMEA prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi yeni tarixi dövr və milli ideya konsepsiyası və qarşıda duran məsələlər” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra iclasda Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi müzakirə olunub.

Akademik İsa Həbibbəyli bu mövzuda məruzənin Rəyasət Heyətinin iclasında ilk dəfə dinlənildiyini və Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinin bir parçası olduğunu söyləyib.

Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış ediblər.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın loqotipi (emblem) əmtəə nişanı və müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb. Əqli Mülkiyyət Agentliyi tərəfindən əmtəə nişanı şəhadətnaməsi və müəlliflik hüququ obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilib.

Daha sonra Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların nəticələrini təqdim edib.

Eyni zamanda, iclasda AMEA əməkdaşlarına 2024-cü ilin birinci yarısı üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə mükafatların verilməsi haqqında məsələ müzakirə edilib. AMEA-nın akademik-katibi akademik Arif Həşimov impakt faktorlu jurnallarda məqalələri nəşr olunan alimlərin adlarını diqqətə çatdırıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) doktoranturanın yaradılması haqqında olub. RSXM-də aparılan fundamental tədqiqatların aktuallığını və elmi səviyyəsini, mərkəzin elmi kadr potensialını, prioritet elmi istiqamətlər üzrə əldə olunmuş nailiyyətlərini, mövcud maddi-texniki bazasını, dərc olunmuş elmi işlərini, beynəlxalq elmi layihə və proqramlarda iştirakını nəzərə alaraq, mərkəzdə doktoranturanın yaradılması haqqında qərar qəbul edilib və Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Daha sonra iclasda “Qərbi Azərbaycan Ensiklopediyasının sözlüyü”nün təsdiq edilməsi haqqında məsələ müzakirə olunub. Akademik İsa Həbibbəyli sözlüyün hazırlanması üçün yaradılmış İşçi qrup tərəfindən keçirilmiş müzakirələr nəticəsində Rəyasət Heyətinə 2595 sözdən ibarət sözlüyün təqdim olunduğunu diqqətə çatdırıb. Təqdim edilmiş sözlüyü nəzərdən keçirərək ixtisarlar və özünün əlavələrini etdiyini bildirən akademik İsa Həbibbəyli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və sözlüyün ümumilikdə 2000 sözə endirilməsi ilə bağlı tapşırıqlarını verib.

Mövzu ilə bağlı çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, İşçi qrupun üzvü Əziz Ələkbərli İcmada bütün sahələr üzrə komissiyaların fəaliyyət göstərdiyini bildirib və sözlüyün AMEA rəhbərliyinin və həmin komissiyaların iştirakı ilə yekun müzakirəsinin keçirilməsini təklif edib.

İclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması məsələsi də müzakirə olunub. Qeyd olunub ki, zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Həyəti tərəfindən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi yaradılıb.

İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində AMEA-nın fəaliyyətini əks etdirən audio və videomaterialların qorunması məqsədilə daxili imkanlar hesabına Elm TV və multimedia fondunun yaradılması, AMEA üzrə çoxcildlik elmi əsərlərin siyahısının və nəşr planının təsdiq edilməsi, “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Əsasnaməsi”nin təsdiq edilməsi, Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiqlənməsi haqqında qərarlar qəbul olunub.

Eyni zamanda, iclasda Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində RSXM-nin birlikdə inşa etdiyi Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyasının bazasında Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin yaradılması haqqında məsələ müzakirə olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Şuşa rayonunda quraşdırılmış seysmik stansiya, onun fəaliyyəti, yeni yaradılacaq mərkəzin binasının yerləşəcəyi yer və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinə və İspaniyada keçirilmiş “Biokimya, struktur və molekulyar biologiya üzrə beynəlxalq konqres”ə ezamiyyətinin yekunları haqqında məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi