Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidir? – Səhiyyə Nazirliyinin revmatoloqdan tövsiyələr
Revmatoid artrit oynaqlarda iltihab və ağrı ilə yanaşı, orqanizmin müxtəlif sistemlərinə təsir göstərə bilən xroniki autoimmun xəstəliklərdən biridir. Xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicə taktikasının seçilməsi onun gedişatının nəzarətdə saxlanılması, oynaq funksiyalarının qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müalicə yalnız dərman preparatları ilə məhdudlaşmır, xəstənin vəziyyətindən asılı olaraq fizioterapevtik və reabilitasiya üsullarından da istifadə oluna bilər.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Ellada Qafarova revmatoid artritin əsas əlamətləri, müalicə üsulları, fiziobalneoterapiyanın rolu, hansı hallarda tətbiq edilə biləcəyi və müalicə zamanı laborator müayinələrin əhəmiyyəti barədə danışıb.


— Ellada xanım, ilk öncə, revmatoid artrit xəstəliyi haqqında məlumat verə bilərsinizmi?
— Revmatoid artrit birləşdirici toxumanın naməlum etiologiyalı xroniki sistem xəstəliyi olub, oynaqların klinik olaraq proqressivləşən, eroziv artritlə xarakterizə olunan mürəkkəb autoimmun patogenezli xəstəlikdir. Revmatoid artritin kliniki gedişi, proqnozunun ağırlıq dərəcəsi və sosial əhəmiyyətinə görə digər artritlərdən fərqlənir. Epidemioloji tədqiqatlar göstərir ki, Yer kürəsi əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir.
— Bu xəstəlik orqanizmdə hansı simptomlarla özünü büruzə verir?
— Revmatoid artrit mürəkkəb patogenezinin əsas mexanizmini tənzimlənməsində mühüm rol oynayan immunoloji proseslərin pozğunluğunu təşkil edir. Müəyyən olunub ki, periferik endokrin vəzilərin – qalxanvari, cinsi, böyrəküstü vəzilərin fəaliyyətinin pozulması bu xəstəliyin gedişinə öz təsirini göstərir. Revmatoid artrit patogenezində əsas yeri limfositlərə mənsub olan immun dəyişikliklər təşkil edir. Naməlum etioloji amilin oynaqların sinovial qişasını zədələməsi nəticəsində synovial mühitə damarlardan T və B limfositlərin axını güclənir və onların arasında disbalans baş verir. Qanda revmatoid faktor kimi autoanticismlərin yüksək konsentrasiyası, bir çox hallarda immun kompleksin nəzərə çarpacaq dərəcədə miqdarının artması, limfositlərin aktivləşməsi aşkar edilir.
Revmatoid artrit zamanı baş verən immun-iltihabi proses, xroniki persistəedici, residiv verən xarakter daşıyır və əsasını immunoloji homeostazın dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri təşkil edir. Revmatoid sinovit oynaq qığırdağında, sümük toxumasında, damarlarda və daxili orqanlarda iltihabi və destruktiv proseslərin başlanğıc mərhələsi hesab olunur.
— Revmatoid artritin müalicəsində medikamentoz müalicə ilə yanaşı, başqa hansı üsulları var?
— Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb. Xəstəliyin müalicəsində sanator-kurort müalicəsinə və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir.
Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişi, müxtəlif aktivlik, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi diferensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicələrdən ultrasəs, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Qeyd olunan faktorlardan hidrogen-sulfidli vannalarla müalicə öz effektivliyinə görə xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə paragenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir. Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır.
— Revmatoid hansı mərhələsində fiziobalneoterapevtik müalicə təyin edilməlidir?
— Revmatoid artritin oynaq forması ilə I, II aktivlik dərəcəsi, ləng gedişi, seropozitiv və seroneqativ variantlar, vaskulit əlamətlərinin müşahidə olunmaması, I, II mərhələlərdə I və II dərəcəli funksional pozğunluğu zaman fiziobalneoterapevtik müalicə təyin edilməlidir. Müalicə xəstəliyin aktivlik dərəcəsi, klinik gedişi, oynaqlarda funksional məhdudiyyətlərin səviyyəsi və xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla fərdi şəkildə seçilməlidir. Aşağı və orta aktivlik dövründə fizioterapevtik və balneoloji üsullar reabilitasiya tədbirlərinin tərkib hissəsi kimi tətbiq oluna bilər. Müalicənin məqsədi ağrı, iltihabın azalmasına, oynaq hərəkətliliyinin, əzələ funksiyasının yaxşılaşdırılması, kontrakturaların və funksional məhdudiyyətlərin qarşısının alınması, xəstənin əmək və gündəlik fəaliyyət qabiliyyətinin bərpasına yönəldilir. Yüksək aktivlik, kəskinləşmə, vaskulit və digər sistemik təzahürlər zamanı isə fiziobalneoterapevtik müalicənin tətbiqi fərdi olaraq qiymətləndirilməli və əks-göstərişlər nəzərə alınmalıdır.
— Revmatoid artritin müalicəsində hansı preparatlar təyin edilir və nə kimi laborator müayinələr təyin edilir?
— Bu xəstəliyin mürəkkəb patogenezi, patoloji prosesə orqanizmin bir çox sistemlərinin cəlb olunması müalicənin kompleks şəkildə aparılmasının əhəmiyyətinə zəmin yaradır.
Revmatoid artrit xroniki xəstəlik olduğundan xəstələr uzunmüddətli dərman preparatları qəbul etməlidirlər. Bu preparatlar uzunmüddətli qəbul edildiyindən çox vaxt mədə-bağırsaq, ürək-damar sistemi və böyrəklər tərəfindən müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu baxımdan hər 2-3 aydan bir xəstələrə laborator müayinələrdən keçmək tövsiyə olunur.