Mərhəmətdən doğan böyük xidmət yolu

Mehriban Əliyevanın fəaliyyətində Azərbaycan sevgisi, insan amili və dünyaya açılan tolerantlıq körpüləri
“Mən hesab edirəm ki, məhz mədəniyyət və mədəni irs bu gün mürəkkəb dünyanı birləşdirə bilər.”
Mehriban Əliyevanın bu fikri onun uzun illər ərzində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin mahiyyətini ifadə edən mühüm qənaətlərdən biridir. Bu fəaliyyətə nəzər saldıqda müxtəlif istiqamətlər - mədəniyyət, təhsil, səhiyyə, sosial müdafiə, uşaqlara qayğı, milli-mənəvi irsin qorunması, idman, humanitar əməkdaşlıq, mədəniyyətlərarası və dinlərarası dialoq bir-birindən ayrı sahələr kimi deyil, vahid məqsədə xidmət edən ardıcıl bir yol kimi görünür. Bu yolun mərkəzində isə insan və Azərbaycan dayanır.

Mehriban Əliyevanın ictimai fəaliyyətinin əsası hələ 1990-cı illərin ortalarında qoyulub. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun təsis edilməsi, 1996-cı ildə isə Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricdə daha geniş təbliğinə xidmət edən “Azərbaycan – İrs” jurnalının yaradılması onun milli mədəniyyətə münasibətinin başlanğıc mərhələsi oldu. Həmin illərdə atılan addımlar sonrakı fəaliyyətinin əsas istiqamətini də müəyyənləşdirdi: Azərbaycanı öz tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə dünyaya tanıtmaq.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməsi ilə onun ictimai fəaliyyətində idmanın inkişafı da mühüm istiqamətə çevrildi. Ölkədə gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq yarışların keçirilməsi və Azərbaycanın idman ölkəsi kimi mövqeyinin möhkəmləndirilməsi bu fəaliyyətin nəticələrindən oldu.
Lakin 2004-cü il Mehriban Əliyevanın fəaliyyətində yeni və daha geniş mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin il Heydər Əliyev Fondunun yaradılması ilə humanitar fəaliyyət sistemli və genişmiqyaslı xarakter aldı. Fondun qarşıya qoyduğu əsas məqsədlər sırasında Azərbaycan xalqının milli-mədəni irsinin qorunması, sosial və humanitar problemlərin həllinə dəstək verilməsi, təhsil və səhiyyənin inkişafına töhfə göstərilməsi, uşaqlara qayğı və Azərbaycanın dünyada tanıdılması mühüm yer tutdu.
Mehriban Əliyeva Fondun missiyasını belə ifadə etmişdi: “2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək.”
Bu sözlər sonrakı illərin fəaliyyətində öz real ifadəsini tapdı.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkənin müxtəlif bölgələrində məktəb binalarının tikintisinə və yenilənməsinə, təhsil üçün daha yaxşı şəraitin yaradılmasına mühüm töhfə verdi. Uşaq evləri və körpələr evlərinin yenidən qurulması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqət göstərilməsi, səhiyyə müəssisələrinin yenilənməsi və yeni tibb ocaqlarının yaradılması da bu humanitar fəaliyyətin mühüm istiqamətlərinə çevrildi.
Talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsi və onların problemlərinin diqqətdə saxlanılması xüsusilə böyük ictimai əhəmiyyət daşıyırdı. Mehriban Əliyeva bu istiqamətdə görülən işlərin mahiyyətini konkret şəkildə ifadə etmişdi: “Bu layihələrin hər biri xilas edilmiş həyat və bərpa edilmiş sağlamlıq deməkdir.”
Bu yanaşmada humanitar fəaliyyətin əsas ölçüsü aydın görünür: görülən işin qiyməti onun zahiri miqyası ilə deyil, insan həyatında yaratdığı dəyişikliklə müəyyən olunur.
Mehriban Əliyevanın bir ana kimi uşaqlara həssas münasibəti də onun ictimai fəaliyyətində xüsusi çalar yaradır. Üç övlad anası və nəvə sahibəsi kimi ailə dəyərlərinə bağlılığı onun şəxsi həyatının mühüm hissəsidir. Lakin ana qayğısı ilə dövlət və ictimai məsuliyyəti eyniləşdirmək düzgün olmaz. Bu iki anlayışın kəsişdiyi mənəvi məqam isə qayğıdır - uşağın sağlamlığına, təhsilinə, gələcəyinə, cəmiyyətin sabahına qayğı.
Məhz insan amilinə bu münasibət Mehriban Əliyevanın fəaliyyətini sonralar beynəlxalq humanitar və mədəni əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevirdi. 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilməsi onun mədəniyyət və humanitar sahədə fəaliyyətinə beynəlxalq səviyyədə verilən mühüm qiymətlərdən biri oldu. 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. Bu fəaliyyət çərçivəsində Azərbaycanın milli mədəni irsinin, muğamın, aşıq sənətinin, xalçaçılığın və digər qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görüldü.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan mədəniyyətinin dünyaya təqdimatı Mehriban Əliyevanın fəaliyyətində heç vaxt başqa mədəniyyətlərə qarşı qoyulmayıb. Əksinə, milli mədəniyyətə bağlılıq ümumbəşəri dəyərlərə açıq münasibətlə tamamlanıb.Bu yanaşma Azərbaycanın tolerantlıq siyasətinin təbliğində də özünü göstərdi.
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini abidələrin bərpasına və qorunmasına göstərilən diqqət, məscidlərin, kilsələrin və sinaqoqların yenilənməsinə verilən dəstək, yəhudi uşaqları üçün təhsil kompleksinin yaradılması ölkəmizin çoxkonfessiyalı və çoxmillətli cəmiyyətinin mühüm xüsusiyyətlərini beynəlxalq auditoriyaya çatdıran nümunələr oldu.
Mehriban Əliyevanın bu məsələyə münasibəti də aydın idi: “Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır.”
Bu fəaliyyət yalnız Azərbaycanın daxilində həyata keçirilən layihələrlə məhdudlaşmadı. Azərbaycan dünyanın müxtəlif ölkələrində mədəni irsin qorunmasına da töhfə verdi. Fransada kilsələrin və tarixi abidələrin, Strasburq Kafedralının vitrajlarının, Versal irsinin, İtaliyada Roma katakombalarının bərpasına, Vatikan irsinin qorunmasına göstərilən dəstək Azərbaycan mədəni diplomatiyasının diqqətçəkən nümunələrinə çevrildi.
Bu layihələrin mənası yalnız bərpa işləri ilə məhdudlaşmırdı. Burada Azərbaycanın dünyaya verdiyi mühüm mesaj vardı: milli irsə hörmətbaşqa xalqların və dinlərin irsinə hörmətlə tamamlanmalıdır.

Mehriban Əliyevanın “mədəniyyət və mədəni irs”in insanları birləşdirən qüvvə olduğu barədə fikri məhz bu baxımdan xüsusi məna qazanır. Mədəniyyət siyasi sərhədləri aşır, tarixləri yaxınlaşdırır, fərqli inanclara mənsub insanları ümumi dəyərlər ətrafında birləşdirir.
2017-ci ildə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması onun fəaliyyətində yeni mərhələ açdı. İllər ərzində formalaşmış humanitar və idarəçilik təcrübəsi artıq dövlət idarəçiliyinin daha geniş müstəvisində davam etdirilməyə başladı.
Birinci vitse-prezident kimi fəaliyyətinin ilk dövrlərindən sosial məsələlər, səhiyyə, təhsil, məcburi köçkünlərin problemləri və vətəndaş müraciətləri diqqət mərkəzində oldu. Onun ilk müşavirələrindən birinin qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması məsələsinə həsr edilməsi də bu baxımdan səciyyəvi idi. Sonrakı illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl layihələr həyata keçirildi.
Bu fəaliyyətin arxasında sadə, lakin mühüm bir prinsip dayanırdı: dövlətin diqqəti ilk növbədə insanın ehtiyac duyduğu yerdə hiss olunmalıdır.
Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərdən sonra qarşıda tamamilə yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi, yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, həmin ərazilərin tarixi və mədəni irsinin dirçəldilməsi də mühüm məsələyə çevrildi.
Bu baxımdan Şuşanın bərpası xüsusi əhəmiyyət daşıyır. Şuşa Azərbaycan mədəniyyətinin yaddaşıdır. Bu şəhərin yenidən mədəni həyatın mərkəzlərindən birinə çevrilməsi, burada musiqi festivallarının, mədəni tədbirlərin keçirilməsi torpağa qayıdışın həm də milli-mənəvi yaddaşa qayıdış olduğunu göstərir.

Mehriban Əliyevanın fəaliyyətində mədəni irsin qorunmasına göstərilən diqqətin Qarabağın bərpası prosesində də öz məntiqi davamını tapması təsadüfi deyil. Çünki şəhərləri yalnız binalar deyil, onların tarixi, mədəniyyəti və yaddaşı şəhər edən əsas amillərdir.
Bu gün Azərbaycan qarşısında yeni inkişaf mərhələsinin vəzifələri dayanır. Rəqəmsal transformasiya, innovasiya, süni intellekt və müasir idarəetmə də həmin gündəliyin mühüm hissəsidir. 2026-cı il iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi onun fəaliyyətində yeni texnoloji istiqamətlərin də mühüm yer tutduğunu göstərir. Həmin iclasda qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən fəaliyyət planı müzakirə olunub.
Beləliklə, onun fəaliyyət yolunda diqqətçəkən bir ardıcıllıq görünür: dünənin mədəni irsini qorumaq, bu günün sosial problemlərinə cavab vermək və sabahın inkişaf istiqamətlərini müəyyənləşdirmək. Mehriban Əliyevanın ictimai və dövlət fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də məhz bu ardıcıllıqdır.
O, mədəniyyətə münasibəti ilə Azərbaycanın milli kimliyinin qorunmasına, humanitar layihələri ilə insan həyatının yaxşılaşdırılmasına, tolerantlıq istiqamətindəki təşəbbüsləri ilə Azərbaycanın dünyada multikultural ölkə kimi tanınmasına, dövlət idarəçiliyindəki fəaliyyəti ilə isə bu prinsiplərin daha geniş müstəvidə həyata keçirilməsinə töhfə verib.
Onun beynəlxalq aləmdə aldığı yüksək qiymətlərin çoxluğu haqqında ayrıca danışmağa ehtiyac yoxdur. Bu təltiflərin hər birindən daha mühüm olan onların arxasında dayanan fəaliyyətdir. Əsl qiymət görülən işin insanlara və cəmiyyətə verdiyi faydadır.
Mehriban Əliyevanın fəaliyyətində Azərbaycanı dünyaya tanıdan ən mühüm cəhətlərdən biri də budur: milli olmaqla ümumbəşəri olmaq arasında ziddiyyət yoxdur.
Azərbaycan öz muğamını qoruyaraq dünya mədəniyyətinə açılır. Öz dini-mənəvi dəyərlərinə sahib çıxaraq başqa dinlərin müqəddəs məkanlarına hörmət göstərir. Öz tarixini yaşatmaqla başqa xalqların tarixinə ehtiram göstərir. Öz milli kimliyini qorumaqla mədəni müxtəlifliyi cəmiyyətin zənginliyi kimi qəbul edir.Bu, Azərbaycanın əsrlərdən gələn tolerantlıq ənənəsinin müasir dünyadakı ifadəsidir.
Mehriban Əliyevanın fəaliyyəti həmin ənənənin beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edən mühüm amillərdən biridir. Onun həyat yoluna bir həyat yoldaşı, ana və nənə kimi baxdıqda ailə məsuliyyətini; həkim kimi fəaliyyətinə baxdıqda insan həyatına həssaslığı; mədəniyyət sahəsində gördüyü işlərə nəzər saldıqda milli yaddaşa bağlılığı; dövlət xadimi kimi fəaliyyətinə baxdıqda isə yüksək məsuliyyət hissini görmək mümkündür. Lakin bütün bunları birləşdirən əsas anlayış insana xidmətdir. Bəlkə də Mehriban Əliyevanın fəaliyyətini ən düzgün ifadə edən məna elə budur. Çünki illər ərzində dəyişən və genişlənən fəaliyyət istiqamətlərinin arxasında dəyişməyən bir dəyər dayanır: insanın həyatına, ləyaqətinə, sağlamlığına, təhsilinə, mədəniyyətinə və gələcəyinə münasibət.
Bu gün Mehriban Əliyevanın fəaliyyətinə nəzər salarkən yalnız görülən işlərin miqyasından deyil, həmin işlərin yaratdığı mənəvi nəticədən danışmaq daha doğrudur.
Çünki məktəb yalnız bina deyil - bir uşağın gələcəyidir. Xəstəxana yalnız tibb müəssisəsi deyil - bir insanın həyat ümididir. Bərpa olunan abidə yalnız daş və divar deyil - xalqın yaddaşıdır. Qorunan kilsə, sinaqoq və məscid yalnız dini məkan deyil - qarşılıqlı hörmətin ifadəsidir. Mədəniyyət layihəsi yalnız sənət tədbiri deyil - xalqlar arasında dialoq üçün yaradılan körpüdür. Mehriban Əliyevanın fəaliyyət salnaməsinə bu prizmadan baxanda onun əsas xətti aydın görünür: insana qayğıdan başlayan, Azərbaycan mədəniyyətindən keçən, tolerantlıq və multikulturalizm dəyərləri ilə dünyaya açılan xidmət yolu.
Bu yolun ən böyük mənası isə Azərbaycanın öz dəyərlərini qoruyaraq dünyaya açıq, fərqliliklərə hörmət edən, mədəniyyətlər arasında dialoqa üstünlük verən bir dövlət kimi təqdim edilməsinə verilən töhfədir. Və bu mənada Mehriban Əliyevanın fəaliyyəti ayrı-ayrı layihələrin məcmusundan daha böyük bir məna daşıyır -Azərbaycanın mərhəmət, mədəniyyət və insanlıq dili ilə dünyaya danışan simasının formalaşmasına xidmət edən ardıcıl bir fəaliyyət salnaməsi.
Nurəngiz Adilqızı
Qardaşlığın yeni üfüqləri: Daşkənddən dünyaya uzanan Azərbaycan–Özbəkistan yolunun növbəti mərhələsi