İNSAN...

Qəribə məxluqdur bu insan. Bəzən heç özü də nə istədiyini bilmir. Və bilməyə-bilməyə əriyib şam kimi ömrünü başa vurur. Yaxud da nə istədiyini bilə-bilə, həyat deyilən bir ümmanda özünü axtarır. Ya bəlkə də özünü tapmağa çalışır. Bircə onu bilirəm ki, insan olmaq, insan kimi var olmaq mürəkkəbdən də mürəkkəbdir.
Qısası, sən anadan bir cür doğulursan, həyatda isə istədin, istəmədin başqa cür formala¬şırsan. Başqa sözlə, səni başqası olmağa vadar edirlər. Və başqalaşa-başqalaşa unudursan özünü, öz mənini. Həyatda yaşamaq, yaratmaq, nəsə əldə etmək üçün başqalaşan insan ikiləşmə prosesinə məruz qalır: İnsanın özü və onun maskası. Bax, elə bu insanlardan kimi bu maskanı əla taxır, kimi isə yox. Həmin maskanı taxa bilməyənlər və yaxud yaxşı taxa bilməyənlər odla suyun arasında qalırlar. Və odla suyun arasında vurnuxa-vurnuxa yarar¬sız¬la¬şırlar.
Allah sevgisi hər şeydən üstündür...
Yalnız ürəyində, qəlbinin dərinlik¬lərində Allah sevgisi olanlar və bu sevgini qoruyub saxla¬yanlar həyatda hər şeyə dözərək həyat sınağından qalib çıxırlar.
İnsan arzudan yaranır, arzulanaraq böyüyür və arzu ilə yaşayır. İnsanın ən müqəddəs və ən ülvi arzuları baharın ilkin çağında kol altından gizlin-gizlin boylanan zərif qızılgül qönçələri kimidir. Arzu arzu kimi qönçədir. Yəni o insanın qəlbində yarandığı, baş qaldırdığı anda kövrəkdir. Həmin arzu insandan asılı olan və səbəblərdən öz müqəddəsliyini və ülviliyini itirə bilər. İncə¬liyini, kövrək¬liyini itirə-itirə sənin üçün adiləşə bilər. Vay o gündən ki, arzuları adiləşən insan özü də adiləşsin.
Həyat oyundur. Söz oyunu, hərəkət oyunu, söz, düşüncə oyunu, daha nə bilim nə oyunu. Oynada-oynada oynanılırıq. Həyat səhnə, biz oyunçu. Kimi əla, kimi yaxşı, kimi pis oyunçu. Görəsən, biz nə vaxt özümüz oluruq və yaxud özümüzü oynayırıq. Bəlkə ən kədərli və yaxud ən sevincli anlarımızda?.
Kim bilir?
Hərə öz həyatını yaşayır bu dünyada, özünə və yalnız özünə aid olan həyatını. Gizli, müəmmalı və bir də hamının görə bildiyi adi, yeknəsəg həyatını.
Baş-ayaq düşüncələr
Baş-ayaqdır bu dünyada hər şey. İnsanın özü, fikirləri, düşüncələri, baxışları da bəzən baş-ayaq olur. Nə vaxtsa, hardasa nəzərini cəlb edən baş-ayaq vurulmuş reklam löhvəsi kimi. Görəsən, insan baş-ayaq düşüncələrə, fikirlərə malik olanda dünyanı da baş-ayaq görürmü?. Və görürsə, necə təsvir eləyir? İnsan deyilən məxluqun hərəkətləri baş-ayaq olanda nə elədiyini, nə etdiyini bilmir. Və bilməyə-bilməyə başqalarının gözündə adiləşir, gücsüzləşir, gərəksiz olur.
Bir yağışlı, çiskinli payız səhəri narın yağış damcıları evləri, binaları, küçələri, şüşələri, maşınları, ümumiyyətlə bütün şəhəri yuyur, təmizləyirdi. Ancaq yağış insanları və yalnız insanları təmizləmək, yumaq iqtidarında deyildi. Yağış insanları təmizləyə, yuya bilmirdi. Ona görə ki, insan deyilən məxluq gərək özü-özünü yuyub-təmizləyə idi. Bu isə asan iş deyildi. Yuyub-təmizləyə bilsəydi saf olacaqdı, pak olacaqdı, maskasız olacaqdı. Bəs onda maskasız necə yaşayacaqdı? Evlərin örtüyü, maşınların şüşələri, küçələrin səkiləri, heyvanların dişləri, insanın isə maskası vardı. Evlər örtüksüz, maşınlar şüşəsiz, küçələr səkisiz, heyvanlar dişsiz, insanlar isə maskasız yaşaya bilməzdi. Niyə yaşaya bilməzdi? Ona görə ki, bu da həyatın bir qanunu idi. Belə olmalıydı, vəssalam.

Niyə biz insanlar bu qədər...
Niyə biz insanlar bu qədər qorxuluyuq, təhlükəliyik?
Niyə bir-birimizi tanıya bilmirik? Ya bəlkə də gec tanıyırıq. Niyə dar məqamda bir-birimizə bel bağlaya bilmirik? və s. Bilmirsən qarşındakı kimdir? İnsan kimi insandırmı, ya yoxsa heyvan cildinə girmiş varlıq?
İNSAN deyilən qəribə, sirli, müəmmalı bir varlıqdır.
Nə bilim..
Bax beləcə adamları tanıyana, öyrənənə qədər bütöv bir ömür yaşayırsan, ya bəlkə başa vurursan?
Bilmirəm.. Bir onu bilirəm ki, sən bu dünyada baş çıxartmaq üçün bir az ilan, bir az tülkü, bir az ... və bir az insan olasan gərək.
Nifrət edirəm ikiüzlülükdən, yaltaqlıqdan, bir-birinə qənim olmaqdan, istifadəçilikdən.
Bir sual məni həmişə düşündürür: Niyə evi uçurmaq onu tikməkdən, yolu qayıtmaq onu qət etməkdən, nifrət etmək sevməkdən, unutmaq yadda saxlamaqdan, uşağı korlamaq tərbiyə etməkdən və ən nəyahət pis yaxşıdan asandır? Niyə? Niyə?. Və sonsuz niyələr…
Daş olmaqdan yaman qorxuram
Taleyin amansız və gözlənilməz zərbələrini dəf etmək üçün, hər an xəyanətə hazır olmaq üçün, özümünkülərdən, özgələrdən gördüyüm etinasızlığı dərk etmək və yaxud anlamaq üçün yersizliyi, yurdsuzluğu unutmaq üçün, çəkdiyim əzab və əziyyətlərə “boş versin, getsin” demək üçün və bir də nələr, nələr üçünsə ürəyimin yerinə daş asam gərək. Amma qorxuram ki, daşlaşam axı. Daş olmaqdan da yaman qorxuram.
İnsan nədən bezir
Bezirsən hərdən özündən, öz yazdıqlarından, fikirlərindən, düşüncələrindən. Bezirsən qayğılarından, problemlərindən. Bezir¬sən sevgindən, sevdiklərindən, nifrət etdiklərindən. Bezirsən mövcud olduğun həyatdan, var olduğun mühitdən. Fikirləşirsən kimsən axı Sən? Nə axırıncısan, nə də əvvəlincsən. Sən də hamı kimi adi bir yolun yolçususan. Baxır hərə bu yolu bir cür gedir: kimi asta, kimi sürətlə, kimi gülə-gülə, kimi sızlaya-sızlaya. Kimi bu dünyada bir şey qoyub getdiyi kimi özü ilə də bir şey aparır. Kimi isə yalnız bu dünyadan özünü aparır.

Qəribədir, yayın cırhacırında, qışın sazağında bir parça çörək üçün çöllərə, küçələrə düşən adamlar (insan yox, adamlar) o bir parça çörəyi hara gəldi atıb gedirlər. Və yenə də səhər obaşdan həmin o parça çörək üçün küçələrə axışırlar. Mənə elə gəlir ki, məşhər ayağı qurulsaydı, bizi əhatə edən adamların əksəriyyəti, sən və mən dar ağacından asılmalı olardıq. Çünki biz nə əvvəlimizi bilirik, nə də sonumuzu, nə xeyrimizi bilirik, nə də şərimizi. Adamlar üçün müqəddəs heç nə qalmayıb bu dünyada, bəlkə də o dünyada da. Bircə Allah bilir bunu.

Həyat gözəllik üzərində qurulub
Həyat gözəllikdən yaranıb, gözəlliklə də nəfəs alır. Əgər bu dünyanın adamlarının qəlbində həmin o gözəllikdən əsər-əlamət qalırsa, onda bu dünya ölümə məhkum deyil. Onda yaşamağa, sevməyə, sevilməyə dəyər. İnsanlarda olan mədəniyyət də, onların bir-birinə qarşı olan hissləri, münasibətləri də gözəllik havasında köklənir.

Gözəlliyi görmək, hiss etmək, yaşamaq lazımdır. Yoxsa o heç vaxt sənin qəlbinə yol tapa, səni ovsunlaya bilməz. Əgər həmin bir parça çörəyi şey-şüy satdığı piştaxtanın üstündə qoyub gedən adamın qəlbində bir az da olsa gözəllikdən əsər-əlamət qalsaydı, o heç vaxt belə hərəkət etməyəcəkdi. Birinci “bərəkəti hara gəldi atmazlar”,-deyib ağsaqqallarımız, ikinci də adam səhər obaşdan qaranlıq düşənə qədər ələk-vələk olduğu nemətin qədrini bilər.
Qədrini bilməsək bu çörəyin, vallah-billah qənim olacaq bu çörək bizə, gözlərimizi tutacaq.
P.S. 20 il bundan əvvəl yazılıb...
Səadət Hakıyeva