Vətənə, xalqa məhəbbət xarüqələr yaradır
“Bu gün Şuşanın yeni tariixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük”.
Bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib. Şuşada genişmiqyaslı quruculuq işlərinin getdiyini, yaşayış komplekslərinin inşa olunduğunu vurğulayan dövlət başçısı bütün evlərin Şuşanın ənənəvi memarlıq üslubunda inşa edildiyini, uzun fasilədən sonra şuşalıların burada rahat yaşayacaqlarını, qurub-yaradacaqlarını, öz doğma şəhərlərinin tarixi simasını qoruyacaqlarına əmin olduğunu bildirib.
Şuşaya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çöl Qala və Aşağı Gövhər Ağa məçidlərində aparılan bərpa işləri ilə tanış olublar. Qeyd edək ki, Heydər Əliyev Fondunun layihəsi əsasında hər iki məscidin bərpası “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Eyni layihə əsasında bərpa edilən Mamayı məscidinin açılışında iştirak edən dövlət başçısı və birinci xanım məsciddə və ətraf ərazisindəki bulaqda aparılan bərpa işlərilə tanış olublar.
Dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildə bərpa işlərinə başlanılan “Şirin su” hamamının da açılışında iştirak ediblər. Məlumat verilib ki, “Şirin su” hamamı 1880-cı ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edildiyi üçün hamam “Şirin su” hamamı adlandırılıb. Bildirilib ki, 1992-ci ildə ermənilərin işğalından sonra hamam yararsız vəziyyətə salınmışdı.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-mezeyində aparılan bərpa işləri ilə tanış olublar. Dövlət başçısına görülən işlər barədə məlumat verilib və bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işləri davam edir.
Deyirlər məhəbbət xarüqələr yaradır, kim bilir bəlkə də... Hələ uşaq vaxtı izlədiyim bir filmdə unudulmaz aktrisamız Minəvvər Kələntərlinin söylədiyi bu kəlmənin tam mənasını o vaxtlar anlamasam da indi başa düşürəm. Başa düşürəm ki, istək, məhəbbət olanda hər şey etmək mümkündür. Bu gün böyük fəxarətlə deyə bilərik ki, həqiqətən torpaqlarımıızın işğaldan azad olunmasından 3 ildən çox vaxt keçməsinə baxmayaraq, vəhşi ermənilər tərəfindən dağıdılıb, viran qoyulmuş torpaqlarda böyük xarüqələr yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan üçün gördüyü işlər belə düşünməyimda yanılmadığımı təsdiqləyir. Bütün bunlar üçün isə ilk öncə ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çünki Vətəninə, millətinə, xalqına olan sevgisini böyük məharətlə varislərinə ötürə bilmişdi. Bu gün işğaldan azad olunan bütün torpaqlarımızda aparılan yenidənqurma, abadlıq-quruculuq işlərinin də qısa zaman kəsiyində sürətlə aparılması məhz bu sevginin, məhəbbətin təzahürüdür.
Hələ bu ilin əvvəlində Prezident İlham Əliyev demişdi: "Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq...". Ürəklərimizə 30 il əvvəl batan tikanları çəkib çıxaran, qanayan yerinə məlhəm olan bu müjdəni verən, sözü imzası qədər dəyərli olan dövlət başçısı, Qalib sərkərdəmiz verdiyi sözə yenə də əməl etdi. Yerli televiziya kanallarına müsahibəsində bizi düşündürən, narahat edən məqamlara aydınlıq gətirən, sabaha ümidlərimizi artıran Prezident İlham Əliyev bəyan etdi ki, Şuşa bu il yenidən "doğulacaq", çünki doğmalarına qovuşacaq. Bəli, may ayının 10-u Azərbaycan xalqı üçün çox əlamətdar olan, ulu öndərin anadan olduğu bir gündə Şuşa doğma sakinlərini qoynuna alarkən sanki yenidən doğuldu.
30 il o yerlərin həsrətilə yaşayan, başıqarlı dağlarının, barlı-bərəkətli bağlarının, şır-şır axan bulaqlarının, yazqabağı qar altından baş qaldıran boynubükük bənövşənin, köksünün altı sarı Xarıbülbülünün, Cıdır düzünün, Topxananın, Üçmıxın... daha nələrin-nələrin xiffətindən ürəyi qubar bağlayan şuşalıların doğum günü idi o gün. Şuşam nazlı gəlin kimi bəzənib, düzənib ona sevdalıların görüşünə çıxmışdı. Sanki ayaq izləriniz, isti nəfəsiniz üçün darıxmışdım deyib məzəmmət edirdi. Azadlığına qovuşandan sonra doğma insanlarının görüşünə əvvəlkindən daha gözəl görkəmdə çıxmışdı, ötən üç ildə qurub yaradılan gözəllikdən söz açaraq öyünürdü Şuşam. Qarabağı, Zəngəzuru cənnətə çevirən, onun reallaşdırılması üçün var qüvvəsilə çalışan dövlət başçısının ona daha özəl yanaşdığını da qürurla söyləyirdi. Bənzərsiz liderimizin yenə də həmin müsahibədə dediyi: "Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək", - sözlərini də dünyaya bir daha mesaj kimi çatdıracaq: "Qarabağ Azərbaycandır. Şuşasız isə Azərbaycan yoxdur!", - dedi.
İşğaldan azad olunmuş torpaqlara üz tutan köç karvanlarının yolu bu gün sənə oldu Şuşa!..