ECO-nun 17-ci Zirvə görüşü dünyanın diqqətini Qarabağa yönəltdi
Tarix bir daha şahidlik etdi: Qarabağ yalnız Azərbaycanın deyil, bütöv regionun qürur mənbəyidir. Bu günlərdəXankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Toplantısı təkcə iqtisadi mövzularla yadda qalmadı – bu toplantı dünyanın diqqətini zəfərin və dirçəlişin simvolu - Qarabağa yönəltdi.
2021-ci ilin iyunundaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı ilə birlikdə Şuşaya səfər etmişdi. Hündür bir yerdə dayanıb Şuşanın mənzərəsini seyr edən Ərdoğana Prezident İlham Əliyev Xankəndini göstərərkən o, üzünü xanın kəndinə çevirərək “qalacağımz otel ordadırmı”? deyə İlham Əliyevə sual vermişdi. Prezident İlham Əliyev isə gülərək “oradada olacağıq” demişdi. Bəli, 4 il öncə inam və qətiyyətlə səsləndi o söz. Zaman keçdi və o gün verilən söz yerinə yetirildi, həmişə olduğu kimi. Prezident İlham Əliyevin verdiyi vədin bu gün reallığını yaşayırıq. 2021-ci ilin iyunundakı həmin dialoqdan 4 il sonra Azərbaycan abadlaşan vəyenidən qurulan Xankəndidə , öz tarixi torpağında , liderlər səviyyəsində beynəlxal tədbirlərə ev sahibliyi edir.
Zirvə görüşünün Qarabağın azad edilməsindən sonra ilk dəfə bu qədər diqqətəlayiq şəkildə keçirilməsi sadəcə siyasi yox, həm də mənəvi mesaj idi: Qarabağ yenidən doğulur. Əsrlərin ağrısını, otuz ilin işğal acısını sinəsinə çəkmiş bu torpaqlar bu gün artıq inkişafın, sabitliyin və qürurun rəmzidir.
Ötən il ölkəmizdə keçirilən COP29-un (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ardınca daha bir beynəlxalq tədbir Azərbaycanda reallaşdı. Bu dəfə işğaldan azad edilən Qarabağın mərkəzində - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. COP29-nun keçirildiyi günlərdə dünya Azərbaycanın mədəniyyətini, inkişafını və yüksək təşkilatçılıq bacarığını bir daha yaxından görmüşdü. Qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirmişdi. ECO-nin 17-ci Zirvə görüşü ilə dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəldi. Bu görüşü daha da önəmli edən məsələ odur ki, tədbir işğaldan azad edilən, separatçı ermənilərin uzun illər terror yuvası kimi istifadə etdiyi Xankəndidə keçirildi. İştirakçılar arasında Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri, o cümlədən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər vardı.
Xankəndidə keçirilən sammit bütün dünyaya Azərbaycanın yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkə olduğu mesajını verdi. Bu zirvə yalnız İƏT-in ənənəvi tədbiri deyil, həm də regionda yeni bir dövrün başlanğıcıdır: sülh, rifah və məsuliyyətli liderlik dövrü olduğunu göstərir.
Prezident İlham Əliyevin Zirvə görüşündə tədbirin Xankəndidə təşkil edilməsinin xüsusi mənasının olduğunu vurğulayaraq “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” sözləri çox təsirli idi. Dövlət başçısı qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi: “Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram. Sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır”. Sammitin yüksək səviyyədə təşkil olunduğunu deyən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə Prezident İlham Əliyevə tədbirin uğurla təşkil olunması üçün təşəkkür etdi: “Tarixi və gözəl Xankəndidə bizə göstərilən diqqət və səmimi qonaqpərvərliyə görə Prezidentin bütün komandasına təşəkkür edirəm".
Qeyd edək ki, 1992-ci ildən ECO-ya üzv olan Azərbaycan digər üzv ölkələrlə iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlıq edır. Bura mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyət də daxildir. Prezident İlham Əliyev bu əməkdaşlığı belə qiymətləndirib: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".
Azərbaycan bu illər ərzində ECO çərçivəsində “yaşıl enerji” təşəbbüslərinə də böyük diqqət yetirib. ECO-ya üzv Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını nümayiş etdirir. Qarabağın mərkəzində keçirilən ECO sammiti ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının, Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunun təsdiqidir. Bu, həm də rəsmi Bakının regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyinin sübutudur.
Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə regionda yeni geosiyasi reallıq yaradıb. ECO 17 Zirvəsində iştirak edən dövlət başçıları və nümayəndələr yalnız Azərbaycanla iqtisadi əməkdaşlığın yollarını müzakirə etmədilər. Onlar həm də Ağdamda, Xankəndidə, Füzulidə, Şuşada, Zəngilanda yüksələn yeni həyatın şahidi oldular. Çünki Qarabağın yenidən qurulması sadəcə binaların inşası deyil – bu, bir millətin yaddaşının, kimliyinin və ruhunun dirçəlişidir. Qarabağda indi başqa səslər eşidilir. Bu silahların deyil, tikinti aparan insanların səsidir. Bu səs şəhid ruhlarının rahatlıq tapdığı, keçmiş məcburi köçkünlərin ümidlə evlərinə qayıtdığını bütün dünyaya çatdırır.
Zirvə çərçivəsində imzalanan razılaşmalar, verilən bəyanatlar, çəkilən fotolar, yayımlanan reportajlar – bir ideyanın ətrafında birləşdi: Qarabağ dirçəlir və bu dirçəliş bütün bölgəyə nümunə olacaq. Bu, yalnız Azərbaycanın uğuru deyil, həm də regionun sabitliyi və əməkdaşlığının təməlidir. Qarabağ artıq təkcə Azərbaycan xalqının ürəyində deyil, beynəlxalq platformalarda da haqq etdiyi yeri alır.
Nurəngiz Adilqızı.