Milli Qəhrəmanımızın doğum günüdür
Cavanşir Rəhimov
Azərbaycan dünya ölkələri arasında ən çox müharibə görmüş, ən çox şəhid vermiş ölkələrdən biridir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində torpaqların müdafiəsi, işğaldan azad olunması uğrunda çox sayda vətəndaşlarımız şəhid oldu. Bütün döyüşlərdə qəhrəmanlıq dolu qeyri-adi hadisələr baş verdi. Odur ki, ağılla, cəsarətlə, inamla vuruşan hərbçilərimiz uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Haqqında danışacağımız növbəti Milli Qəhrəman isə Cavanşir Rəhimovdur. O, 19 yaşında Birinci Qarabağ müharibəsində göstərdiyi fədakarlıqlarla ən gənc Milli Qəhrəman kimi tarixə düşüb.
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. Cavanşir də özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi; vertolyot alova bürünmüşdü… 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub. Milli Qəhrəman Cavanşir Rəhimov haqqında "Cavanşir" adlı sənədli film çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur.
Anası Lalə xanımın xatirələrindən: “Evdən hər çıxanda gəlib məni öpüb qucaqlayar “ay ana, elə gözəl qoxun var ki, körpə uşaq qoxusu gəlir səndən, mənim gözəl anam” deyərdi. Qucağlayıb bağrına basardı məni. Arada balamı yuxumda görürəm. O məktəbdə oxuyan, səliqə-səhmanlı vaxtları gözümün önünə gəlir. O qədər səliqəli uşaq idi ki, onun paltarında bir dənə belə ləkə görməzdin. Hər işini özü görər, paltarlarını özü yuyub, özü ütüləyərdi. Cavanşir mənim sağ əlim idi. İşdən gəlib görürdüm ki, yeməyi bişirib. ”. Cavanşir hələ 16 yaşından hərbi xidmətə getmək üçün komissarlığa üz tutub. Lakin hər dəfə onu geri qaytarıblar ki, hərbi xidmətə getməyə sənin yaşın çatmır. Yaşı tamam olub əsgərliyə gedəndə Cavanşiri təlim üçün Ağcəbədiyə aparıblar. Ordakı komandirlərə məlum olub ki, Cavanşir müharibədə iştiraka hazırdı. Çünki Lalə xanım Cavanşirə nə vaxt özünə paltar almaq üçün pul verirmişsə, o, pulu tirdə atıcılığa sərf edirmiş. Cavanşirin qırxından bir neçə gün sonra nənəsi dünyasını dəyişir, 3 ay sonra babası, ardınca dayısı... Bir ilin içində ailə dalbadal bədbəxt hadisələr yaşayır. El-obanın məsləhəti ilə araya toy, şadlıq salınır ki, faciələr unudulsun. Qohum-qonşu yığışıb Lalə xanımın 2-ci oğluna toy edir. Aradan zaman keçir. Lalə xanımın oğul nəvəsi dünyaya gəlir. Uşağın adını Cavanşir qoyurlar. Bu gün şəhid Cavanşirin adını qardaşı oğlu daşıyır. Əmisinin adını daşıyan həmin oğlan artıq universitetini bitirib, vətənə olan borcunu da şərəflə yerinə yetirib... Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.” Möhtəşəm Qələbəmiz xocalıların ürəyinə saplanan tikanları çıxartdı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.