lider-media.az

Çiyələk alarkən diqqətli olun

Baxış: 76 Tarix: 27-05-2025, 07:34

Yazın gəlişi ilə çoxlarının səbirsizliklə gözlədiyi meyvələrdən biri də çiyələkdir. Lakin onun mövsümünü gözləməyib süni şəraitdə yetişdirilənini istehlak edənlər az deyil. Bu isə sağlamlıqla bağlı bir çox təhlükələrə yol aça bilər.

Hazırda bazarlarda təklif olunan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlərdən, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələrə isə daha çox hamilə və süd verən qadınlar, uşaqlar meyil edir. Bu da onların sağlamlığını böyük risk altına atır. Dərmanlı, süni yetişdirilmiş çiyələk mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara, uzunmüddətli istifadə zamanı isə hətta qaraciyər funksiyasının pozulmasına da səbəb olur.

Ekspertlər bildirirlər ki, çiyələk alarkən təbii görünüşlü, orta ölçülü, solğun olanları seçmək lazımdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq lazımdır. Süni yetişdirilən çiyələyi isə suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə edərək yumaq tövsiyə olunur. Bu, onun tərkibində olan pestisid qalığını müəyyən qədər azaldır.


Çiyələkdən ehtiyatlanın!

“Bərdədə beynəlxalq bir təşkilat tərəfindən geni dəyişdirilmiş çiyələk yetişdirilir”
“Hazırda ölkədə kartofun 30, pomidorun 70, qarpızın 80 faizi GMO-dur”

 
Yayın ilk ayının ilk günləridir və bazarlar meyvə-tərəvəzlə dolub-daşır. Ən çox da satışa çıxarılan çiyələkdir. Daha doğrusu, may ayının ikinci yarısından etibarən çiyələk bazarlara ayaq açmışdı. Alıcılar isə bu ən dadlı, ən gözəl, ən cəlbedici giləmeyvəyə ehtiyatla yanaşırdılar.
Haqsız da sayılmazlar. Çiyələk nə qədər ləzzətli, nə qədər cəlbedici görünüşə malikdirsə, əhali ondan bir o qədər ehtiyat edir.
"Zəhərlənmə” təhlükəsinə görə. Ata-analar uşaqlara çiyələyi həmişə ehtiyatla yedirirlər. El arasında belə təsəvvür formalaşıb ki, çiyələk kollarının dibində ilanlar olur, ilanlar çiyələyi zəhərləyə bilər.
Amma süni yetişdirilən genetik modifikasiya olunmuş - GMO meyvə-tərəvəzlərin bol yetişdirildiyi bir vaxtda ilan öz zəhərini də unudub az qala.
Güclü antioksidan
Əvvəlcə, mövsümün ən ləziz giləmeyvəsi çiyələyin üstünlüklərini sadalayaq. Bütün digər meyvə-tərəvəzlər kimi çiyələk də bol vitamin və mikroelementlər qaynağıdır. Çiyələyin faydaları söyləməklə bitmir; çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri var. Bu giləmeyvənin güclü iltihab və mikrob əleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.
Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrində şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir. Xərçəngə qarşı qoruyucudur. Bağırsaq qurdlarını tökür. Stressi azaldır. Sakitləşdirici təsir göstərir. Qanda xolestrolun miqdarını da, təzyiqi aşağı salır. Revmatizmdən əziyyət çəkənlərin bol miqdarda çiyələk yemələri məsləhətdir.
Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.
Bundan əlavə çiyələk qara ciyər üçün də çox xeyirlidir. Qaraciyər iltihabının qarşısını alır. Qan azlığı zamanı bu giləmeyvənin qəbul edilməsi qanın tərkibini yaxşılaşdırır.
Müalicəyə çətinliklə tabe olunan ekzema xəstəliyi (dəri xəstəliyi) zamanı çiyələk yaxşı kömək edir. Çiyələk həzm prosesini yüngülləşdirir, mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
 
Allergiyası olanlar...
Bu qədər qiymətli xüsusiyyətlərinə baxmayaraq bəzi insanlara çiyələk zərər gətirə bilər. İlk növbədə bu, allergiyadan əziyyət çəkən insanlara aiddir. Güclü allergik xüsusiyyətlərinə malik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar üçün əks göstərişdir. Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən imtina etmək lazımdır.
Digər meyvə və giləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arası yemək lazımdır.
Çiyələk təbii antioksidant olaraq bədəndən zərərli maddələrin xaric olunmasında böyük rol oynayır.
Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələyin yarpaqları qurudulub moruqla birgə çay kimi dəmlənib içildikdə soyuqdəymə əleyhinə gözəl vasitədir.
Böyük çiyələkləri almayın
Bəs bazarı başına almış giləmeyvələri alarkən nələrə diqqət etməliyik? Çiyələkdən zəhərlənməni önləmək mümkündürmü?
 
Bu barədə "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda bazarlarda böyük ölçülü çiyələklər də satılır. Əhali bunlardan ehtiyat etməlidir:
- İstehlakçı meyvələrin hansı şəraitdə, necə yetişdirildiyindən, tərkibindən xəbərsiz olduğundan primitiv üsullarla seçməkdən başqa şansı yoxdur. Geni dəyişdirilmiş meyvə-tərəvəz görünüşündən də bilinir. Hamısı eyni formada, eyni ölçüdə, kifayət qədər bərk, parlaq olur. Və gec xarab olur. Təbii şəraitdə yetişdirilmiş meyvələr iki günün içində xarab olur, amma GMO-lar günlərlə mağazalarda, soyuducuda olduğu kimi qalır. Bu saat bazarlarda böyük ölçülü, daş kimi çiyələklər satılır. İnsan kənardan ona baxanda başa düşməlidir ki, bu, süni üsulla, kimyəvi maddələrlə yetişdirilmiş meyvədir. Normal, təbii şəraitdə yetişdirilmiş çiyələk heç vaxt böyük ölçüdə olmur, adətən xırda və ya orta ölçüdə olur. Belə çiyələklərin ətri də, dadı da spesifikdir. Çiyələk çox şirin giləmeyvə deyil. Dadında bir qədər kəmşirinlik, hətta turşluq da var. Hazırda Bərdədə beynəlxalq bir təşkilat tərəfindən geni dəyişdirilmiş çiyələk yetişdirilir. Bu barədə AMEA-da keçirilən konfrans zamanı da danışıldı. Millət vəkilləri, kənd təsərrüfatı mütəxəssisləri iradlarını bildirdilər, dedilər ki, bunun qarşısı alınmalıdır. Amma Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, bizdə GMO məhsullar yetişdirilmir. Cənab Prezidentin GMO meyvə-tərəvəzlərin qarşısının alınması ilə bağlı xüsusi göstərişi var. Amma bəziləri yenə özlərinə faydalı olanı edir. Hazırda ölkədə kartofun 30, pomidorun 70, qarpızın 80 faizi GMO-dur. Böyük badımcanlar, böyük bibərlər, Pakistandan, Hindistandan gətirilən "şah”, "sultan” düyüləri... hamısı GMO-dur. İçi ağ kartofdan da uzaq durun. Yerli məhsulun becərilməsində də dərmanlardan istifadə edilir. Müəyyən həşəratların məhvi, məhsulun keyfiyyətli olması üçün dərmanlardan istifadə etmək olar. Amma məsələ burasındadır ki, bu dərmanlar da bir çox hallarda keyfiyyətsizdir. Ona görə də keyfiyyətli məhsul qıtlığı yaşanır. Qısası, o meyvə-tərəvəzi alın ki, ona sizdən başqa digər canlılar da yaxın durur. Əsassız yerə mütəxəssislər demir ki, qurdlu meyvə daha sağlamdır.
 
E.Hüseynov bildirdi ki, baxmayaraq ki, hazırda bazarlarda çiyələk bolluğudur, bu giləmeyvənin mövsümü hələ indi başlayır:
- Artıq sahibkarlar adət edib, hər meyvəni vaxtından əvvəl satışa çıxarmağa. May ayı oldumu çiyələk, gilas, ərik, iyun ayında da qarpız satışa çıxarılır. May ayı çiyələyin tam yetişməsi üçün yetərli zaman deyil. Torpaq qızmalı, havanın temperaturu müəyyən istilik həddinə çatmalıdır ki, giləmeyvələr də yetişsin. Çalışın, təbii yolla yetişdirilən çiyələyə üstünlük verin. Tez xarab olan çiyələk sortu Saatlı, Sabirabad zonasında yetişdirilir. Görünür, onlar torpağa az kimyəvi maddə vururlar. Amma bizim camaat gözəl görünüşə aldanaraq "Viktoriya” sortuna üstünlük verirlər. Bu sort çiyələklər, yumşaq deyil, bərk olur.
 
Çiyələyin zəhərlənmələrə bais olmasına gəlincə, E.Hüseynov bütün digər meyvə-tərəvəzlər kimi, çiyələyin də yeməzdən öncə ilıq su ilə yaxşıca yuyulmasını məsləhət gördü:
- Çiyələyi təhlükəli edən torpaqla birbaşa təmasda olmasıdır. Fikir vermisinizsə, çiyələk kolu torpağın üstünə əyilir, meyvələr də torpağa "yatır”. Ən təhlükəli bakteriyalar da torpaqda olur. Torpaqda gözlə görünməyən göbələk bakteriyaları ola bilər və əgər meyvə yaxşı yuyulmayıbsa, qidalanma zamanı orqanizmə düşüb zəhərlənmə yarada bilər. Ona görə də bütün meyvə-tərəvəzlər yeyilmədən öncə ciddi şəkildə yuyulmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi