Ermənistan və onun xaricdəki dayaqları hələ də düşmənçilik psixologiyasından çıxmaq istəmirlər
Bu günlərdə İrəvanın Respublika meydanında ermənilər növbəti dəfə barbarlıqlarını nümayiş etdirərək Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Bu barədə Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan açıqlama yayıb. O, açıqlamasında məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı baş nazir Nikol Paşinyanın münasibətini çatdırıb: "Baş nazir Paşinyan bu praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşmaq olmaz. Bu, təxribatçı və təhrikedici bir təcrübədir".
Ermənistanın baş nazirinin olayı formal şəkildə pisləməsi heç də xəstə düşüncə tərzini dəyişmək üçün yetərli deyil. Çünki sülh istəyən bir ölkə əvvəlcə öz cəmiyyətində nifrəti söndürməli, revanşist xəyallara son qoymalıdır. Ermənistan isə cəmiyyətində tarix boyu azərbaycanlılara və türklərə qarşı nifrət olub. Bu düşmənçilik dövlət siyasətini, təhsil sistemini, media diskursunu da zəhərləyib. 44 günlük Vətən müharibəsində rüsvayedici məğlubiyyətindən sonra xalqlar arasında sülh körpüləri qurmaq əvəzinə, bu mənfi emosiyaları qızışdırmağa davam edir. Rəsmi İrəvanın siyasi bəyanatları, təbliğat mexanizmləri xalqın içindəki kin və intiqam hissini alovlandıraraq revanşist fikirləri təşviq edir, gənc nəsli düşmənçilik ruhunda yetişdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda aprelin 23-də İrəvanda "məşəl yürüşü" zamanı, habelə Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyib. Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: "Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir. Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır".
Azərbaycan bayrağının yandırılması bir daha göstərdi ki, nə rəsmi İrəvan, nə də onun xaricdəki havadarları sülhə və barışığa hazır deyillər. Bayraq xalqın, dövlətin şərəfi və kimliyi deməkdir. Ona qarşı yönələn bu cür hörmətsiz və aqressiv hərəkətlər Ermənistan cəmiyyətində və onun dəstəkçiləri arasında nifrətin necə dərin kök salmış olduğunu göstərir. Bu, həm də bölgədə barışıq cəhdlərinə qarşı açıq sabotaj aktıdır. İrəvan hakimiyyəti belə təxribatçı davranışlara qarşı heç bir tədbir görməməklə, əslində bu hərəkətləri təşviq etmiş olur. Parisdə isə erməni icmasının belə hörmətsizlik nümayiş etdirməsi bir sıra Qərb dövlətlərinin obyektivlik iddialarının nə qədər saxta olduğunu təsdiqləyir. Demokratik dəyərləri müdafiə etdiyini iddia edən bir ölkədə başqa bir dövlətin bayrağının yandırılmasına göz yumulması ikili standartların təzahürüdür.
İrəvanda qondarma "erməni soyqırımı"nın 110 illiyi ilə bağlı mitinqdə çıxışında "Daşnaksütyun" partiyasının Gənclər Birliyinin mərkəzi idarə heyətinin nümayəndəsi Jora Avdalyan deyib ki, biz Türkiyə rəsmilərinə açıq mesaj veririk, mübarizəmiz zəifləməyəcək, məqsədimizə çatacağıq, çünki həyatımızın mənası budur: "Türkiyə gənclərinə səslənirik, əgər siz öz hakimiyyətinizi soyqırımı tanımağa məcbur etməsəniz, siz də buna görə məsuliyyət daşıyacaqsınız. Əmin olun, erməni gəncləri arasında yenə də Soqomon Teyleryan (Tələt Paşanı Berlində qətlə yetirən erməni terrorçu) və Arşavir Şirakyan (Səid Hilmi Paşanı Romada qətlə yetirən erməni terrorçu) olacaq. Biz həm soyqırımının, həm də "artsax"ın ədalətli qisasını alana qədər erməni qisasçılarının ordusu artacaq. Biz erməni gənclərinə səslənirik: vur, daha çox vur, vur ki, düşmən sənin nəfəsini hiss etsin, vur ki, düşməni sevindirənlər titrəsinlər... Biz gənclər məğlubiyyət səhifəsini çevirəcəyik, yenidən ayağa qalxıb qalib gələcəyik, millətimizə, dövlətimizə layiqli gələcək quracağıq və bu gələcəyə çatmağın bir yolu var... mübarizə, mübarizə, mübarizə... döyüş, döyüş".
J. Abdalyan unudub ki, müasir dünyanın dəyərləri sülhü, insan hüquqlarını, qarşılıqlı hörməti ucaldır. Əgər bu zəhərli düşüncə tərzini məğlub edə bilsələr, bu, onların tarixində ən böyük qələbə olar. Ancaq görünən odur ki, Ermənistan cəmiyyəti hələ də bu transformasiyaya hazır deyil. Əksinə, hər dəfə sülh imkanı yarananda, köhnə nifrət və revanşist xəyallar yenidən səhnəyə çıxır. Haylar hələ də öz yanlış miflərinin əsiridirlər və bu miflər onların gələcəyini qaranlıqda saxlayır. Ermənistan cəmiyyətindəki dərin nifrət və revanşist ruh bir daha açıq şəkildə görünür. Bu hadisələr göstərir ki, rəsmi İrəvan hələ də sülhə hazır deyil. Üstəlik, bu barbarcasına hərəkətlər beynəlxalq hüquqa və sivil dəyərlərə açıq-aşkar təhqirdir. Reallıq hissini tam itirən bu ünsürlər hələ də "qalib gəlməkdən", "torpaq işğalından" danışırlar. Görünür, 2020-ci ildə baş verənlərdən nəticə çıxarmayıblar. Bütün bu nifrət və faşist psixologiyası fonunda belə bir irqçi toplumla həqiqi və davamlı sülh qurmaq mümkündürmü? Əlbəttə, bu sualın cavabı açıqdır.
Sülhə gedən yol qarşılıqlı hörmətdən başlayır. Bayraq yandırmaqla, nifrəti qızışdırmaqla, küçələrdə aqressiya nümayiş etdirməklə sülh qurmaq mümkün deyil. Bu hadisələr onu göstərir ki, Ermənistan və onun xaricdəki dayaqları hələ də düşmənçilik psixologiyasından çıxmaq niyyətində deyillər. Bu isə bölgədə uzunmüddətli sülhün və əməkdaşlığın qarşısında ciddi maneə olaraq qalır.
Nurəngiz Adilqızı.