lider-media.az

Bir gün eşitsənizki həyatda yoxam...

Baxış: 44 Tarix: 24-03-2025, 09:06

Birinci Qarabağ Müharibəsi şəhidi Əhməd Tahir oğlu Babaşovla sinif yoldaşı olmuşuq. Orta məktəb illərində vətənpərvərliyi ilə seçilən Əhməd idman yarışlarında iştirak edir və fərqlənərdi. Orta məktəbi bitirdikdən sonra da sinif yoldaşlarımızla əlaqələrimiz davam edir, hər il bir yerə toplaşır, keçmiş  xatirələri bölüşərdik.

Müharibə yenicə alovlanırdı. Hər gün cəbhədən bəd xəbərlər gəlirdi. Müharibə başlananda sinif yoldaşlarımızın bir neçəsinin hərbi xidmətə çağırıldığını eşitdik. Onların arasında Əhməd də var idi. Elə son görüşümüzdə də Əhməd ” doyunca söhbət edin. Ola bilər ki bu mənim üçün son görüşdür. Vətənə borcumu verməyə gedəcəm. Bir gün eşitsənizki həyatda yoxam, elə qəbrimin üstünə birgə gəlin” deyə, sanki hamıdan halallıq diləyirdi.

Əhməd  körpə vaxtlarından atasını itirmişdi. Anası Xeyrə xala da  min bir əziyyətə qatlaşıb körpə uşaqlarını böyüdürdü. Məktəbdə təmizləyici işləyirdi. Məktəbin müəllim kollektivindən tutmuş, şagirdlərinə qədər hamılıqla Xeyrə xalaya hörmətlə yanaşır, xətrini əziz tutardı. Hamıya öyüd-nəsihət verir, ali təhsil almağı tövsiyyə edirdi. Kəndin xeyir-şərində iştirak edir, təmənnasız köməkliyini əsirgəməzdi.

Nəhayət Əhmədi bir yerə toplaşıb hərbi komissarlığın qarşısına qədər yola saldıq. Görüşüb ayrılanda onun kədərli  baxışları bu gün də gözümüzün önündən getmir. Elə bir neçə dəqiqədən sonra minik avtomobili tərpənər-tərpənməz Əhməd pəncərədən “Sıravi Əhməd”mahnısından:

                                   Çiynində boz çanta, üzü xoşsifət
                                   Gəldi əsgərliyə sıravi Əhməd
                                   İlk gündən hissədə qazandı hörmət
                                   İlk gündən tanındı sıravi Əhməd

deyə, bir parça söylədi. Avtomobil İmişli-Füzuli istiqamətində gözdən itənə kimi onun əlinin havada yelləndiyini gördük. Həmin gün yanımızda oğlunun belə təmtəraqlı yola saldığımızı qürurla, fərəhlə müşahidə edən Xeyrə xala kədərli qəmli görünsə də “inşallah sağ-salamat qayıdıb gələr, bax bu sinif yoldaşlarının əhatəsində də Əhmədin şad gününü qeyd edərik” deyə, söylədi. Bir neçə dəqiqə ötməmiş onun halının pisləşdiyini, təcili yardıma ehtiyac duyulduğunun şahidi olduq. O illər özümüz də 19-20 yaşlı yeniyetmə olduğundan, Xeyrə xalanın hansı hisslər keçirdiyini anlaya bilməzdik. Ana ürəyi özü-özlüyündə öz sözünü deyirmiş.

Sinif yoldaşlarımız ilə həmin gündən sonra belə qərara gəldik ki, hər gün Xeyrə xalanı iki-üç nəfər növbəli şəkildə ziyarət etsin. Onu darıxmağa qoymayaq. Beləcə də etdik. Qızlı-oğlanlı hamı buna əməl etdi. Düz Xeyrə xalanın dünyasını dəyişdiyi günə kimi. Sinifdə olduğumuz 30 uşağın hamısını nəinki ad əzbəri ilə, hətta valideynlərinə qədər tanıyır, soruşardı. Tələbəlik illərim ilə əlaqədar hər kəndə gedəndə ilk işim onu yoxlamaq idi.   

Əhməd 1993-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edir və  avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşür. Ondan heç soraq əldə olunmur. Kimi əsir düşdüyünü, kimisi də ələ düşməmək üçün qumbara ilə özünü partlatdığını söyləyirdi. Bu hadisədən sonra Xeyrə xalanın hər gün şam kimi əridiyinin şahidi olurduq. Bizləri görən tək   öz doğma övladı kimi sarılır, sanki Əhmədin qoxusunu almış olurdu. Ancaq onunla hər görüşdə hərəmiz bir cür təsəlli verirdik. Əhmədin yoxluğunu qəbul etməsək də qayıtmasını da bir möcüzə sayardıq. Hər görüşə gedəndə, Xeyrə xalanın sönmüş gözlərinə baxmaq bizim üçün olduqca çətin idi. Xeyrə xalanın Əhməd dərdi sanki bizim də psixologiyamıza təsir etmişdi. Onu haqqında məlumatsızlıq bizi də çox üzürdü. Kimin qapısında xeyir iş olardısa Xeyrə xalanı məclisinin əsas təşkilatçısı hesab edər, idarəçiliyi ona etibar edərdi. Qol götürüb toyda oynamasa da onu əhatəyə alıb, qollarıını qaldırardıq. Bilirdik ki oğul dərdini içindən çəkir.

Və bir gün Xeyrə xalanın bizim hamımızın-Əhmədin sinif yoldaşlarının birgə onlara getməyimizi istədiyini eşitdik. Hər şey bizə aydın idi. Bu bir illərlə sorağın ala bilmədiyi ananın  bizimlə son görüşü idi.  Bir neçə gündən sonra çiyinlərimizdə son mənzilə yola saldıq Xeyrə xalanı.   

Nəhayət, 2020-ci il torpaqlarımızın işğaldan azad edilib abadlıq-quruculuq işlərinə başlananda Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda Əhmədin meyitinin qalıqları 2023-cü il sentyabrın 28-də düz 30 il sonra doğulduğu doğma kəndinə gətirilir və ictimaiyyətin iştirakı ilə dəfn edilir. İndi Vətən uğrunda canlarından keçmiş şəhidlərin hər zaman ziyarət edilən ünvanlardan biri də məhz Əhməd Tahir oğlu Babaşovun məzarıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi