ÖZBƏK ƏDƏBİYYATI: QARDAŞ XALQIN MƏDƏNİ İRSİNDƏN
Müstəqilliyimizi bərpa etdiyimiz illərdən bəri Azərbaycan və Özbəkistan əlaqələri yeni müstəvidə uğurla davam etdirilir. Məlum olduğu kimi, iki qardaş ölkənin ədəbi əlaqələrinin də çoxəsirlik tarixi var. Bu gün mütəmadi olaraq Azərbaycan ədəbiyyatının Özbəkistanda, özbək ədəbiyyatının Azərbaycanda geniş təbliğ olunması da bu dostluq və qardaşlığın təzahürüdür. Qardaş xalqlar ədəbiyyatı silsiləsindən Özbəkistan Respublikasının Şair, tərcüməçi, "İstirab fısıltısı" və "Üzbə-üz" adlı şeir kitablarının müəllifi Rəhmət Babacanın Azərbaycan dilinə tərcümə edilmiş bir neçə şerini oxucularımıza təqdim edirik:
-
RUHUM AĞRILARDAN QIVRILIR YENƏ
Ruhum ağrılardan qıvrılır yenə,
Vücudun soyuyub sönməyi vardır.
Bu suçsuz ürəyim sızlayır yenə,
Yenə yarın məndən dönməyi vardır.
Sənə gəlməkdəyəm könlümdə umud,
Gecəni, gündüzü düşünüb yordum:
Ya sözün kölgəli bəyaz bir bulud,
Ya qara gözlərin əzabın yurdu.
Sonra Allah dedim, bax, mən allahsız,
Köksümdə daşlaşdı bir qərar: – İlğım!
Hamı günahkardı, hamı günahsız,
Əzab dalımızca düşüb, yazığıq.
Bilirəm, yanında xətrim əzizdir,
Bu canın o cana enməyi vardır.
Asi ürəyimdə gözlənti izi,
Yenə yarın mənə dönməyi vardır.
MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM
Mən sənə məktublar yazdım hər axşam,
Sözlər sehrlədi dörd bir yanını.
Ehtimal, üzünə sürtdün məktubu,
Ehtimal, dişlədin bal dodağını.
Bu dəmdə diksinib birləşdi ruhlar,
Həsrətlər bərabər qol-qola girdi.
Mən səni aradım dünyabadünya,
Sən də yol-yol gəldin mənim yanıma.
Qarşında qəlbini açıb tökər kim
Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub?
Bilmirəm, əzabmı, sevincmi bizə,
Eşq hansı məktubu sayacaq məqbul.
Ağlım vücudumda yanar, titrəyər,
Bu təsadüf vüsal xəyala dönər.
İndi hər nəfəsdə səslərəm canım,
Gəlsənə, gəlsənə, gəlsənə mənə.
Dar hücrəm doludur dilsiz kağızla,
İnlədi qələmdən ayrı əllərim.
Özünü şüşəyə çırpdı dünyanın
Qanadlı, qanadsız kəbutərləri.
Bağışla! Nə yazım, dilimdə söz yox,
Təəssüf, görmədin qəlbimdəkini.
Hansı asimana, yavrum, sevinclə,
Sənsiz gözlərimlə baxım mən indi?
Qələmi sındırdım, iş oldu tamam.
Bir sirri anlatdım, köhnədir, dinlə:
“Baxışımdan köçər baxışlarına
Könlümdə yazılan ən gözəl namə...”.
Mən sənə məktublar yazdım hər axşam...
Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu