Vətəni vəsf edən şair
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 119 il ötür.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Süleyman Rüstəm, kasıb həyat tərzi, çətin uşaqlıq illəri keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıcılığında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi işıqlandırıb.Süleyman Rüstəm Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alıb. “Gənc işçi” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub və 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsət fakültəsinə köçürülüb. Onun “Unudulmuş gənc” adlı ilk şeiri “Maarif və ədəbiyyat” jurnalında çap edilib, bundan sonra onun şeirləri dövri mətbuatda müntəzəm olaraq yer alıb. Süleyman Rüstəm XX əsrin 20-ci illərində öz şeir, məqalə və çıxışları ilə yeni həyatı tərənnüm edirdi. Süleyman Rüstəmin ilk çapdan çıxmış “Ələmdən nəşəyə” adlı şeirlər kitabı onun bütün yaradıcılığının əsas kompozisiyasını təşkil edir.İkinci Dünya müharibəsi şairin yaradıcılığına çox böyük təsir edib. Alman faşizminə qarşı gedən müharibə zamanı Süleyman Rüstəmin əsərləri Azərbaycan gənclərində, azərbaycanlılarda vətənpərvərlik hisslərinin inkişaf etməsində, qəhrəmanlıq nümunələrinin yayılmasında, genişlənməsində çox böyük rol oynayıb. Onun vətənpərvərlik mövzusunda yazdığı əsərləri bu dövrə təsadüf edir. Bir-birindən maraqlı və dillər əzbəri olan “Ana və poçtalyon”, “Ana ürəyi”, “Gün o gün olsun ki”, “Durnalar” bu dövrdə çapdan çıxıb. Süleyman Rüstəmin o zaman yazdığı şeirləri bu günümüzdə də aktualdır.
Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. Xalq şairinin hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. O, yaradıcılığında Azərbaycanın dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.
Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.