Türkiyə -Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Milli Qurtuluş günündə Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik barədə qəbul edilmiş Şuşa Bəyannaməsi həm siyasi, iqtisadi, həm də hərbi baxımdan çox sanballı bir tarixi sənəddir.
Xalqımız iki qardaş ölkə arasında çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilən Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünü qeyd edir. “Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj idi. Bu bəyannamə ilə iki ölkə Qafqazda sabitliyi və təhlükəsizliyi daha da möhkəmləndirmiş, regional və beynəlxalq sabitliyə mənfi təsir edən çağırışlara, xüsusi ilə terrorçuluğa qarşı mübarizəni dərinləşdirilməklə yanaşı yeni dünya düzəninə mühüm töhfə idi.
Bəyannamə Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqliyi rəsmi şəkildə bəyan etdi. Sənəddə ilk olaraq 1921-ci il Qars müqaviləsinə istinad edilir və göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa dayanan və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar.
İki dövlət arasında hərtərəfli müttəfiqlik münasibətləri barədə Prezident İlham Əliyev bəyanatla çıxışında demişdir: “Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.”
Sözsüz müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması da tarixi nailiyyətdir. Qardaş ölkələr hər zaman bir-birinin təhlükəsizliyini təmin etməklə yanaşı, müdafiə sənayesi sahəsində də hərbi qüdrətlərini artıracaqlar.
Eləcə də hər iki ölkənin iqtisadi qüdrətini artıran Bəyannamə işğaldan azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırıb. Vətən müharibəsində olduğu kimi, bu ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Regionun artan investisiya potensialı isə gələcəkdə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq.
Şuşa bəyannaməsində yer alan müddəalardan biri də böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin bərpasıdır. Bu möhtəşəm layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu dəhliz həmçinin Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə birliyi 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Xoş və dar gündə də Azərbaycanın yanında olan Türkiyə şanlı tarixi Zəfərimizdə xalqımızın yanında oldu. Vətən müharibəsi zamanı dünya bir daha buna şahidlik etdi. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında iştirakı birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün işğalından azad edilmiş torpaqlarımızda Türkiyə-Azərbaycan bayraqları qürurla birgə dalğalanır.
Bəyannamədə ən önəmli hissələrdən biri odur ki, iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olarsa, tərəflər bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bəyannamədə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunmuşdur.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.Hazırda Azərbaycan-Türkiyə münasibətləri özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Şuşa bəyannaməsi Şanlı Zəfər qələbəmizin təntənəsi olaraq bir daha bütün dünyaya sübut etdi ki, Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.Bu gün əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin fonunda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Lider-Media.az