Xocalı şəhidləri

Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı MUSTAFAZADƏ CEYHUN ŞÜKÜR oğlu
Əsrlər keçəcək, amma Rəşadətli Ordumuzun hünəri, qəhrəman hərbçilərimizin şərəfli döyüş yolu haqqında dastanlar, hekayələr bitməyəcəkdir. Yenilməz Azərbaycan əsgəri xalqımızın milli ruhunu canlandırıb, həmrəyliyimizi daha da artırıb. Əyilməz iradəmiz, döyüşkən ruhumuz və həmrəyliyimiz qarşısında heç bir qüvvə tab gətirə bilməz. Böyük Zəfəri xalqımıza bəxş edən, bizə sonsuz qürur və fəxr hissi yaşadan igid hərbçilərimizdir.
Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də şəhid Ceyhun Mustafazadədir. Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. 2003-cü ildə Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə orta təhsil almağa başlayıb. Hələ orta məktəbdə olarkən vətənpərvərliyi ilə seçilib. Onun dəftərlərinin arasından əsgər həyatı haqqında yazdığı şeirlər çıxır. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub. Kolleci bitirdikdən sonra 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Naxçıvanda Günnüt kəndinin alınmasında cəsur döyüşçü kimi vuruşub. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Fəxri Fərman və saatla təltif edilib. Vətənin etibarlı müdafiəçisi Ceyhunun göstərdiyi şücaətlərə görə Mustafayevlər ailəsinə hərbi hissə rəhbərliyindən təşəkkür məktubu göndərilib. Təşəkkür məktubunda qeyd olunub ki, Ceyhun hərbi xidmətdə olduğu müddətdə özünü nizam - intizamlı, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə qorxmaz, igid və cəsur bir Azərbaycan əsgəri kimi göstərib. O, hərbi xidmətdə çalışqanlığı və qayğıkeşliyi ilə əsgər yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Məktubda həmçinin oğlunuz Ceyhun suveren, müstəqil Azərbaycan Dövlətinin mənafeyini yüksək tutaraq, müqəddəs torpaqlarımızın toxunulmazlığı uğrunda öz əsgər borcunu layiqincə yerinə yetirir sözləri yazılıb. Ceyhun 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini Kəşfiyatçı kimi davam etdirib.
Ceyhun Mustafazadənin atası Şükür kişi də dövlətinə, millətinə layiqincə xidmət göstərib. Şükür kişi 1993-ci ildən 2004-cü ilə qədər Xocalı Rayon Poliş Şöbəsində post patrul xidməti vəzifəsində çalışıb. Polis orqanlarında çalışdığı ilk vaxtlardan Mustafayevlər ailəsi Xocalı qeydiyyatına düşüb.
Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. O, sonuncu dəfə atası ilə danışanda düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki, ağ bayraq qaldıracaqlar deyib. Yüksək əhval-ruhiyyə içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırıb.
Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında şücaətlə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ceyhun Vətənə olan borcunu layiqincə yerinə yetirdi. Döyüş yoldaşları daha qəzəblə, qisas hissi ilə döyüşərək Ceyhunun qisasını artıqlaması ilə aldılar.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər Mustafazadə Ceyhun Şükür oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı və Cənab Prezidentin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Subay idi. Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.Ruhu şad olsun!

Qəhrəman igidlərimiz Vətənimizin, dövlətimizin tarixinə adlarını qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular. Erməni təcavüzü və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan minlərlə igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçiblər. Vətən Müharibəsində şərəfli ölümə - daha doğrusu ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Nicat Əhmədovdur. O, şəhidlik zirvəsinə ucalmaqla ömür payını Vətən torpağının bütövlüyü uğrunda qurban verdi.
Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-i Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçübdür. Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi. O, ixtisasını çox sevirdi, həmin ixtisas üzrə işləmək arzusu idi. Maraqlı tələbəlik illəri keçib, qrup yoldaşları ilə çox mehriban olub. Bu gün onlardan Nicatın tələbəlik xatirələrini eşidirik.
Nicat universiteti bitirdikdən sonra 2020-ci il iyulun 24-ü Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə yola düşdü. O, əsgərlikdə rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini daşıyırdı. Hər şey çox yaxşı idi, özü də çox həvəsli idi. Ailəsi onu gözəl abu-havada xidmətə yola salmışdı. Sentyabrın 22-i Nicatın doğum günündə əzizləri onu görməyə gedir. Nicatın 22-ci doğum günü hərbi hissədə qeyd edilir. Hər əsgər anası kimi, Nicatın anası Xatirə xanımın da narahatlığı vardı, amma heç vaxt oğlunun şəhid olacağı ağlına gəlməzdi.
Sentyabrın 27-i müharibə başlayanda, qorxmaz Nicat da döyüşlərdə iştirak edirdi. Evdəkilər narahat olsa da, o özü döyüşlərin cəsur iştirakçısı kimi düşmən üstünə gedirdi. Hər zəngində mənə görə narahat olmayın, mən yaxşıyam, siz özünüzə yaxşı baxın deyirdi. Oktyabrın 7-ə qədər hər gün evə zəng edib. Son zəngi oktyabrın 6-ı olub. Axşam saat 9-a qalmış evə zəng edib, hamı ilə danışıb. Yenə "mən yaxşıyam, hər şey yaxşıdı, narahat olmayın" deyib. O zəng Nicatın sonuncu zəngi olub. Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidin bacısı Lalə Əhmədova onun haqqında xatirələrini qürur hissi ilə danışır: Nicatın uşaqlıqdan ən sevdiyi oyuncağı silah, avtomat olubdur. Həmişə davalı, döyüşlə bağlı kinolara baxardı. Hətta, yaşı kiçik olanda anam ona qorxar deyə döyüş kinolarına baxmağa icazə verməzdi, amma böyüdükcə onda daha çox maraq yaranırdı. Futbolu da çox sevərdi, dostları ilə tez-tez yığışıb futbol oynamağa gedərdi. Uşaqlıqdan ünsiyyətcil, şən, mehriban, səmimi, dostcanlı idi. Elə bu xüsusiyyətləri onu hamımızdan fərqləndirirdi. Özünə tez dost tapan idi, buna görə də çox dostları, tanışları var idi. Hətta son illər dostları ilə daha çox vaxt keçirirdi. Nicat çox mərd oğlan idi. Evimizin balacası olmasına baxmayaraq, həmişə özünü böyük, yetkin kimi aparırdı. Evdə hamımızın köməyinə çatardı. Məni də böyük qardaş kimi hara lazım olsa aparar, dərsdən gəlib gətirərdi. Hara əlimizi atsaq, Nicat deyə çağırardıq. Ona görə də bu gün onun yoxluğu çox hiss olunur. Bəzən hər şey yuxu kimi gəlir, onun yoxluğuna inana bilmirik, hələ də dərk edə bilmirik. Çox çətindi insanın canından can getməsi...
Bizə müsahibələrdə, elə adi halda da o sual verilir ki, “Şəhid ailəsi olmaq və ya şəhid anası, atası, bacısı olmaq necə hissdir?” Mən o suala ümumi belə cavab vermək istəyirəm. Şəhid ailəsi olmaq bir yanın acı çəkərkən, digər yanının qürur hissi keçirməsidir. Şəhidlik uca bir zirvədir, Nicatımız da ucalardadır. Biz həmişə onunla fəxr etmişik, indi onunla daha çox fəxr edirik. Nicat bizim qəlbimizdə daim yaşayacaq...
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Əhmədov Nicat Həsən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Nicat evin tək oğlu olub. Özündən başqa bir bacısı var. Subay idi.Ruhu şad olsun!





