Xocalıda bir Əlif vardı...
1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Keçmiş DQMV ərazisində yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi. 1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınır. Oktyabrın 30-da rayonla yerüstü əlaqə kəsilir və helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırır. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı tamamilə kəsilir. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı.
Həmin vaxt xocalılar Əlif Hacıyevin qəhrəmanlığını yaxşı xatırlayır. Əlifin erməni daşnakları ilə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb. Dağlıq Qarabağda, Xankəndində erməni millətçilərinin gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan erməniləri ifşa etməkdən çəkinməyib. Onu adı gələndə ermənilər qorxuya düşürdülər. Çünki o öz sözünü ermənilərə demişdi. “Əgər, ölmək istəmirsinizsə buradan rədd olun”- bu onun ermənilərə son sözü idi. Xocalıda doğulub-böyüyən və bu torpaqlar uğrunda son nəfəsinədək mübarizə aparan Milli Qəhrəmanımız Əlif Hacıyev. Xocalıda sahə müvəkkili işlədiyi vaxtlarda bir çox cinayətlərin üstünü açır, hər dəfə erməniləri ifşa edirdi. 1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edir. Bundan sonra təqiblərlə qarşılaşsa da, Əlif Hacıyev qorxmadan mübarizəsinə davam edirdi. O zamanlar Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin gizli millətçi mərkəzi fəaliyyət göstərirdi. Əlif külli miqdarda vəsaitin, silah-sursatın mərkəzə daxil olmasının qarşısını almaq, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törətmək məqsədilə mərkəzi ifşa etməyə çalışırdı. Əlifin onlar üçün böyük təhlükəyə çevrildiyini anlayan erməni millətçiləri onu aradan götürmək üçün planlar cızırlar. Cibinə pul ataraq, rüşvət almaq adı ilə Əlif Hacıyevi öz kabinetində həbs etdirdilər. Saxta ittihamlar irəli sürənlər onu saxta şahidlərinin əli ilə ləkələdilər. Beləcə, Əlif Hacıyev 10 il müddətinə həbs cəzasına məhkum edildi. 1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Günahsızlığı sübuta yetirildikdən sonra azad olunan bu dəfə Qarabağda erməni fitnəsi ilə qarşılaşmalı olur. Əlif Xocalıya qayıdanda həmin gün şəhərdə sanki bayram idi. Yenidən doğma məkanına qayıdan Vətən övladını sakinlər böyük coşquyla qarşılayırlar. Yaxınların dediklərinə görə, hətta həmin gün uşaqlar məktəbə getməyib Əlifin tədbirinə qatılmışdılar.
Təbii ki, Xocalıya qayıtdıqdan sonra da Əlif öz məqsədinə sadiq qaldı, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir.
1990-cı ilin dekabrında Əlif Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aeroportunun komendantı olur, 1991-ci ildə isə ona mayor rütbəsi verilir.1992-ci ilin 25 fevralı. Xocalı faciəsi başlanıldı. Həmin gün Əlif bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır.Meşədə sakinləri yola salanda balaca bir oğlan uşağına papağını hədiyyə edərək, qayıtsam, papağımı qaytararsan, yox, əgər qayıtmasam, onu məndən yadigar saxlayarsan deyir. Amma Əlifdən təkcə papaq yadigar qalmadı. Gözüyaşlı 2 qız uşağı da o gündən həsrətlə atasının yolunu gözləyir.
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeroportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin". Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar. Döyüşdə qəhrəmanca həlak olan Əlif Hacıyev Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.