lider-media.az

Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran ölkələrdəndir

Tarix: Dünən, 14:18

Əli Hüseynli

Milli Məclisin deputatı

Bu gün dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi qəbul edirlər. Onlar ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu etiraf edirlər. Bölgənin lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan respublikamız həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Bu istiqamətlərdə həyata keçirilən heç bir transmilli layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilmir.

Yeni iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq neft-qaz resurslarının şaxələndirilmiş ixrac marşrutları ilə dünya və Avropa bazarlarına çıxarılması təmin olunması sayəsində Azərbaycan qısa müddətdə Avropanın ən etibarlı enerji müttəfiqinə çevrilib. Bununla da, ölkəmizin neft və qazın satışından əldə etdiyi gəlirləri sürətlə artmağa başlayıb və Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusən də nəqliyyat-logistika imkanlarının genişləndirilməsi üçün yaxşı fürsət qazanıb. Təsadüfi deyil ki, indi ölkəmiz dünyada bir sıra qlobal nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı  daxili problemlərin müzakirəsi ilə yanaşı həm də səslənən müddəaların beynəlxalq kontekstdə  təhlili üçün zəngin mənbədir.Ona görə də daha çox bu vektor üzərində dayanmaq istərdim.

Dövlət başçısı beynəlxalq nəqliyyat dəhlizlərinin ərazilərimizdən keçməsini coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etməyimizlə əlaqələdirməklə yanaşı əlavə etmişdir: “Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük”.

Cənab İlham Əliyev vurğulamışdır ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil: “Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur”.

Şübhəsiz, bütün bunlar Azərbaycanın əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilməsi sayəsində mümkün olmuşdur. Nəzərə alsaq ki, ölkəmizin dünya okeanlarına çıxışı yoxdur, əldə edilmiş nailiyyətin hansı zəhmət hesabına başa gəldiyini təsəvvür etmək çətin deyil. Həm də beynəlxalq güclərin ölkəmizin təşəbbüslərinə mane olmaq cəhdləri fonunda bu nəticə daha dəyərli görünür. Prezident İlham Əliyev bununla bağlı yalnız bir tarixi misal gətirməklə bu istiqamətdə nümayiş etdirilən siyasi iradənin və qətiyyətlə atılmış diplomatik addımların əhəmiyyətini önə çəkmiş oldu: “...Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar maneə törətməməlidirlər. Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik… Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, - mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, - amma ciddi iradə göstərərək buna nail olduq”.

İndi oxşar vəziyyət  Zəngəzur dəhlizinin açılmasına və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqələndirilməsinə münasibətdə özünü göstərir. Bəllidir ki, bu layihə Azərbaycan tərəfindən irəli sürülmüşdür. Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından sonra bu məsələ artıq beynəlxalq gündəlikdə, beynəlxalq leksikondaa öz yerini tutmuş və bu gün Zəngəzur dəhlizi dünyada qəbul edilmiş cografi termindir. Lakin layihənin reallaşmasında əsas maneə 2020-ci il 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla 4 il ərzində qeyri-konstruktiv mövqe sərgiləməsi ilə bağlıdır. Ermənistan müxtəlif bəhanələr gətirərək, qeyri-real və cəfəng layihələri ortaya atmaqla, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur: “Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”. “Sözümüz imzamız qədər keçərlidir”,- söyləyən və bütün fəaliyyəti boyu soz ilə əməlin vəhdət nümunələrini nümayiş etdirən Azərbaycan liderinin qətiyyətli mövqeyi və gücü bu hədəfə də əvvəlki məqsədlərimiz kimi uğurla nail olacağımıza şübhə yeri qoymur.

Ölkə başçısı öz çıxışında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı yaxın tarixə də ekskurs edərək bədnam qonşumuzun xalqımıza qarşı nankor münasibətini bir daha ifşa etmişdir. Cənab İlham Əliyev Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcəyini və onun tranzit ölkəyə çevrilmə arzusunun gözündə qalacağını vurğulamışdır:  “Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır... Bu, tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit ölkə kimi əhəmiyyətini artıran vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Tələbat nəzərə alınaraq hazırda limanın imkanlarını 15 milyon tondan 25 milyon tona çatdırılması üzərində gərgin iş gedir. Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi artdıqca  müəssisənin potensialı da buna uyğun artırılacaqdır. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə bu yaxınlarda yeni qurumun – AZCON-un təsis edilməsi bu istiqamətdə əlaqələndirmə və perspektiv inkişaf planının, o cümlədən sərmayə qoyuluşunu nəzərə alınması baxımından faydalıdır. Bundan əlavə, ölkə rəhbəri Bakıda gəmiqayırma zavodunun inşa edilməsini tez bir zamanda özünü doğrultmuş  olduqca uğurlu layihə kimi dəyərləndirmişdir.

Bu sıraya son15 il ərzində, ö cümlədən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla inşa edilmiş 8 beynəlxalq hava limanını da əlavə etsək və üstəlik bu ilin sonunadək Laçında açılacaq 9-cu beynəlxalq hava limanını da  nəzərə alsaq, bu sahədə görülmüş işlərin nəhəng miqyasını təsəvvür etmək çətin deyil.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlardan biri məhz Azərbaycanın coğrafi mövqeyindən məharətlə istifadə edərək, onu beynəlxalq yükdaşımaların mərkəzinə çevirməkdən ibarətdir. Bu sahədə əldə olunan uğurlar Azərbaycana iqtisadi dvidentlərdən heç də az olmayan qədər siyasi dvidentlər də gətirməkdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi