lider-media.az

Ümumdünya Qadın Parlamentarilər Forumu keçirilib

Baxış: 791 Tarix: Вчера, 13:11

post-img

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ümumdünya Qadın Parlamentarilər Forumunda iştirak edib.

Monqolustan Prezidenti Ukhnaagiin Khürelsükh-in himayəsi altında keçirilən Forum Monqolustan parlamenti və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunub. “Təmsilçilikdən qərar qəbuletmə prosesində təsir imkanlarına doğru” mövzusuna həsr olunan tədbirdə 32 ölkədən, eləcə də 9 parlament şəbəkəsi və beynəlxalq təşkilatdan nümayəndələr olmaqla, ümumilikdə 150-yə yaxın parlamentari bir araya gəlib.

Forumun ilk günündə iştirakçı ölkələrin bəyanatları dinlənilib. Ölkəmizin bəyanatında qeyd olunub ki, Azərbaycan qadınların ictimai həyatda iştirakının təşviqi sahəsində uzun tarixi təcrübəyə  malikdir. 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan qadınlarına səsvermə və seçilmək hüququ verilib. Bundan daha əvvəl isə Bakı şəhərində müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb yaradılmışdır.

Bu gün Azərbaycanda qadınlar siyasi, iqtisadi və sosial həyatda fəal rol oynayırlar. Azərbaycan üçün gender bərabərliyi yalnız siyasət prioriteti deyil, həm də Konstitusiya prinsipidir və bu prinsip qanunvericilikdə, institusional mexanizmlərdə öz əksini tapır. 20 il əvvəl qəbul edilmiş  Gender Bərabərliyinin təminatları haqqında Qanun bu prinsip üçün daha praktik hüquqi çərçivə formalaşdırmışdır. Gender bərabərliyi üzrə qəbul edilmiş 2026-2028 Milli Fəaliyyət Planı qadınların müxtəlif sahələrdə iştirakının gücləndirilməsinə xüsusi önəm verir.

Deputat P.Vəliyeva qeyd edib ki, ərazilərimizin qanunsuz işğalı zamanı yüz minlərlə azərbaycanlı qadın öz doğma yurdlarından zornan qovulub, etnik təmizləməyə məruz qalıb. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidən həyat qurularkən, qadınlar Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma, təhsil, məşğulluq və həyatın bərpasına mühüm töhfələr verirlər.

Pərvanə Vəliyeva “Gender bərabərliyinin təmin edilməsində hüquqi mühit, dəyişikliklər və islahatlar” mövzusunda panel sessiyasında, həmçinin forumun  2-ci günündə keçirilən “Qadınların bütün sahələrdə təsir imkanlarının artırılmasında vətəndaşların, vətəndaş cəmiyyətinin və özəl sektorun rolu” mövzusunda panel sessiyasında təqdimatla çıxış edib. Çıxışı zamanı deputat Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, xüsusilə QHT-lərin qadınların hüquqlarının müdafiəsi və imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən danışıb. Eyni zamanda, qadın sahibkarlığının dəstəklənməsi və qadınların iqtisadi fəaliyyətinə dəstək məqsədilə həyata keçirilən mühüm islahatları diqqətə çatdırıb.

Səfər çərçivəsində Pərvanə Vəliyeva Monqolustan–Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri xanım Songobai Zamira və monqolustanlı həmkarları ilə görüşüb. 

Ümumilikdə, Forum qadınların iqtisadi, sosial, ictimai və siyasi həyatda iştirakının uzunmüddətli perspektivdə artırılması, onların qərar qəbuletmə proseslərində rolunun gücləndirilməsi və ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Müzakirələr zamanı qadınların yalnız ənənəvi sahələrdə deyil, süni intellekt, rəqəmsal transformasiya və hibrid təhdidlərə qarşı mübarizə kimi yeni və strateji istiqamətlərdə də rolunun artırılmasının vacibliyi vurğulanıb.














OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi