Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. Müəyyən edilsin ki:
1.1. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6.2-ci maddəsində “orqan (qurum)” dedikdə bal arısı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasının, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin, habelə arıçılığa dair normativ sənədlərin tələblərinin təmin olunmasına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin və minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunmasına münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 227 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “6.5-ci” sözləri “6.2-ci” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:
“2.3-1. həmin Qanunun 6.2-ci maddəsində “orqan (qurum)” dedikdə bal arısı cinsləri və populyasiyaları genofondunun qorunub saxlanılmasının, arıçılıq subyektləri tərəfindən müvafiq qanunvericiliyin, habelə arıçılığa dair normativ sənədlərin tələblərinin təmin olunmasına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin və minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən arıçılıq məhsulları istehsalının və dövriyyəsinin təmin olunmasına münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;
2.3-2. həmin Qanunun 6.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirirlər;”;
3.3. 2.4-cü bənddə “6.2-ci, 6.3-cü maddələrində, 11.2-ci maddəsinin ikinci” sözləri “11.2-ci maddəsinin birinci” sözləri ilə əvəz edilsin;
3.4. 2.7-ci bənddə “6.5-ci və 18.2-ci maddələrində” sözləri “18.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.
4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) 1.1-ci və 1.2-1-ci bəndlərinə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin.
5. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1014-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1924 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 675 (Cild I) 3-cü hissəsində “istehsalı, qablaşdırılması, saxlanması, emalı” sözləri “ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1394 (Cild I) 2.6-cı bəndində “maddəsinin birinci cümləsində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2024-cü il