Litva – sakitliyin və hüzurun ölkəsi REPORTAJ



Baltik sahillərində keçirdiyim günlər mənə göstərdi ki, inkişaf təkcə göydələnlər və sürətli yollar deyil. Bəzən inkişaf insanın rahat nəfəs ala bildiyi sakitlikdir.
Litvada ilk hiss etdiyim şey sükut və hüzur oldu. Təyyarə Vilnüs hava limanına enən kimi böyük şəhərlərə xas səs-küyün, tələskənliyin olmadığını gördüm. Litvanın ən böyük sərvəti təkcə tarixi və təbiəti deyil, həm də həyat tərzidir.
Pribaltika ölkələrinə səyahət etmək çoxdankı arzum idi. Nədənsə bu diyar məni uşaqlıqdan özünə cəlb edirdi. Tale elə gətirdi ki, qardaşlarımdan biri Litvada məskunlaşdı. Dəfələrlə dəvət etsə də, bu il getmək nəsib oldu.
Litva Şengen məkanına daxil olduğundan viza və sənədləşmə prosesi müəyyən çətinliklər yaratdı. Amma səfərin ilk günündən anladım ki, çəkilən zəhmətə dəyib.

Baltik dənizi sahilində yerləşən Litva, Latviya və Estoniya 1991-ci ildə müstəqilliklərini bərpa edib, 2004-cü ildən isə Avropa İttifaqı və NATO-nun üzvüdürlər. Bu gün Baltikyanı ölkələr təhsil, innovasiya, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahəsində Avropanın inkişaf etmiş dövlətləri sırasında yer alır.

İlk təəssürat – sükut
Vilnüs bizi yağışlı, çiskinli hava ilə qarşıladı. Qardaşım və həyat yoldaşı bizi qarşılayıb evə apararkən yolboyu göz oxşayan mənzərələr diqqətimi çəkirdi. Sonsuz yaşıl meşələr, biçənəklər, səliqə ilə bağlanmış ot tayaları... Hətta ot kiplərinin belə xüsusi qaydada, yağışdan qorunması üçün örtüklərlə bükülməsi gözümdən qaçmadı.

Yağış Litvada sanki havanın ayrılmaz hissəsidir. Bir anda güclənir, on dəqiqə sonra günəş çıxır, az sonra yenidən qara buludlar göy üzünü tutur. Bu dəyişkən hava mənə doğma Şuşanı xatırlatdı.
Qardaşım Litvanın qədim şəhərlərindən olan Kedaynay yaxınlığında yaşayır. İlk diqqətimi çəkən evlərin və həyətlərin səliqəsi oldu. Hündür hasarlar yox idi. Qonşuların evlərini bir-birindən yalnız ağac zolaqları ayırır. Həyət qapıları isə çox vaxt açıq qalır. Bu, insanların bir-birinə etimadının ən sadə göstəricisidir.

Klaypeda – Baltik dənizinə açılan qapı
Səfərimizin ilk dayanacağı Litvanın yeganə böyük dəniz limanı olan Klaypeda idi. Şəhər ölkənin həm Baltik dənizinə açılan qapısı, həm də özünəməxsus memarlığı ilə seçilir. Uzun illər Memel adı ilə tanınan Klaypedada Prussiya və alman memarlığının izləri bu gün də aydın hiss olunur.


Dənizkənarı bulvarı gəzərkən istər-istəməz Bakı bulvarını xatırladım. Dənizin sahili harada olur-olsun, insanları eyni məqsədlə bir araya gətirir: dincəlmək, nəfəs almaq və həyatın axarını seyr etmək.

Nida – sakitliyin ünvanı
Klaypedadan bərə ilə Kurş burnunda yerləşən Nidaya yollandıq. Elə ilk baxışdan hiss olunur ki, bura təbiətlə insanın harmoniyada yaşadığı nadir məkanlardandır.
Nida ağ qum təpələri, balıqçı ənənələri və Baltik sahillərinin özünəməxsus gözəlliyi ilə seçilir. Buradan Rusiyanın Kalininqrad vilayətinin sahilləri də görünür.
Şəhərin ən böyük sərvəti isə sükutudur. Burada sakitliyi yalnız küləyin və quşların səsi pozur. İnsanlar tələsmir, küçələrdə hay-küy yoxdur. Elə bil zaman burada daha səbrlə axır.

Nidada ən çox maraq doğuran məkanlardan biri Yuodkrantedə yerləşən məşhur Cadugərlər təpəsi oldu. UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Kurş burnu milli parkının ərazisində yerləşən bu açıq səma altında muzey Litva mifologiyasını yaşadan nadir məkanlardandır.

Meşə cığırı boyunca irəlilədikcə qarşına nağıl qəhrəmanları, cadugərlər, meşə ruhları, əjdahalar və digər folklor obrazları çıxır. Taxtadan yonulmuş heykəllər elə hazırlanıb ki, onların üzərinə çıxmaq, içərisindən keçmək və şəkil çəkdirmək mümkündür. Bu səbəbdən Cadugərlər təpəsi həm uşaqların, həm də böyüklərin böyük maraq göstərdiyi turizm məkanlarındandır.
Meşədən ayrılarkən belə bir hiss yaranır ki, Litvanın qədim əfsanələri burada hələ də yaşayır və hər ağac öz tarixini pıçıldayır.


Palanqa – Baltik sahillərinin yay nəfəsi
Nidadan ayrıldıqdan sonra yolumuz Litvanın ən məşhur dəniz kurortu olan Palanqaya düşdü. Baltik dənizinin sahilində yerləşən bu şəhər yay aylarında həm yerli sakinlərin, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
Palanqa ilk növbədə nəhəng Nəbatat bağı ilə diqqəti cəlb edir. Ucu-bucağı görünməyən parkda əsrlik ağaclar, gəzinti yolları və rəngarəng yaşıllıq insana xüsusi rahatlıq bəxş edir.

Şəhər həm də Baltik kəhrəbasının mərkəzi hesab olunur. Dəniz dalğalarının sahilə çıxardığı kəhrəba parçaları əsrlərdir burada yaşayan insanların həyatının bir hissəsinə çevrilib. Elə buna görə də Kəhrəba Muzeyi Palanqanın ən çox ziyarət edilən məkanlarından sayılır.

Baltik dənizi isə Xəzərdən tamamilə fərqlidir. Suyu olduqca soyuq olsa da, qeyri-adi dərəcədə təmizdir. İlk anda adama üşütmə versə də, bir neçə dəqiqədən sonra insan bu sərinliyə alışır.

Şaulyay – inancın və müqavimətin şəhəri
Palanqada iki gün keçirdikdən sonra Litvanın dördüncü böyük şəhəri Şaulyaya yollandıq.
Bu şəhərin adı çəkiləndə ilk yada düşən yer dünyanın ən məşhur dini-mədəniyyət abidələrindən biri olan Xaçlar təpəsidir.
Təpədə yüz minlərlə xaç ucalır. Külək onların arasından keçərkən qəribə bir ahəng yaradır. Elə bil hər xaç öz sahibinin taleyindən danışır. İnsan burada istər-istəməz susur və düşüncələrə qərq olur.

Sonradan öyrəndim ki, Xaçlar təpəsinin tarixi XIX əsrin əvvəllərinə, Polşa-Litva üsyanına gedib çıxır. Həlak olan və itkin düşən insanların xatirəsinə qoyulan ilk xaçlar zaman keçdikcə milli yaddaşın rəmzinə çevrilib. Sovet hakimiyyəti illərində təpə dəfələrlə dağıdılsa da, insanlar hər dəfə yeni xaçlar gətirərək onu yenidən bərpa ediblər. Bu gün isə bura həm dini inancın, həm də azadlıq ruhunun simvoludur.

Hər il minlərlə zəvvar və turist buraya gələrək dua edir, yaxınlarının xatirəsinə və ya arzularının gerçəkləşməsi ümidi ilə yeni xaçlar qoyur.
Xaçlar təpəsindən ayrıldıqdan sonra Darqoçai zooparkına baş çəkdik. Burada heyvanlar üçün yaradılan təbii şərait diqqətimi xüsusilə cəlb etdi. Ziyarətçilər əvvəlcədən aldıqları yemlə ceyranları, poniləri, keçiləri, dəvələri və müxtəlif quşları qidalandıra bilirlər. Bu da zooparkı xüsusilə uşaqlar üçün maraqlı edir.

Vilnüs – dövlətçiliyin ürəyi
Litvaya gəlib paytaxt Vilnüsü görməmək mümkün deyildi. Vaxtımız məhdud olduğundan şəhəri tam gəzə bilməsək də, onun ruhunu hiss etməyə macal tapdıq.
Kafedral meydanı, Gediminas qülləsi və Köhnə şəhərin dar küçələri Litva dövlətçiliyinin əsrlər boyu formalaşan tarixindən xəbər verir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Köhnə şəhər barokko memarlığının Avropadakı ən gözəl nümunələrindən hesab olunur.
Vilnüsdə məni heyrətləndirən əsas məqamlardan biri şəhərin təmizliyi və sakitliyi oldu. Küçələrdə nə tıxac, nə gurultu, nə də insan sıxlığı vardı. Velosiped mədəniyyəti yüksək səviyyədə inkişaf edib. Şəhərdə onlarla tarixi kilsə fəaliyyət göstərir və zənglərin ahəngi qədim küçələrə xüsusi ovqat bəxş edir.

Trakai – gölün qoynunda tarix
Vilnüsdən qayıdarkən təxminən 30 kilometr aralıda yerləşən Trakai qalasına baş çəkdik.
Qalve gölünün ortasında ucalan qırmızı kərpicdən tikilmiş qala uzaqdan nağıl qəhrəmanlarının yaşadığı sarayı xatırladır. Gölün sakit suları üzərində əks olunan qala mənzərəsi insanı sanki bir neçə əsr əvvələ aparır.
Qalanın daxilində qədim silahlar, çini qablar, sənət nümunələri və müxtəlif tarixi eksponatlar nümayiş etdirilir. Hər otaq Litva Böyük Hersoqluğunun keçmişindən bir səhifə açır.
Tarixi mənbələrə görə, XV əsrdə inşa edilən Trakai qalası uzun müddət Litva dövlətinin mühüm müdafiə və iqamətgah mərkəzlərindən biri olub. Bu gün isə ölkənin ən çox ziyarət edilən tarixi abidələrindən hesab edilir.

Kedaynay – tarixin səssiz yaddaşı
Səfərimiz zamanı ən çox vaxt keçirdiyimiz məkanlardan biri Litvanın ən qədim şəhərlərindən olan Kedaynay idi. Əsrlər boyu burada litvalılar, polyaklar, şotlandlar, yəhudilər və almanlar yanaşı yaşayıblar. Bu multikultural ənənənin izləri bu gün də şəhərin memarlığında, tarixi küçələrində və ibadətgahlarında qorunub saxlanılır.
Şansımız gətirdi ki, Litvanın Dövlətçilik Gününün qeyd olunduğu tədbirlərin də şahidi olduq. Şəhərin mərkəzi meydanı bayram ovqatına bürünmüşdü. Latviya, Estoniya, Polşa və digər qonşu ölkələrdən gəlmiş folklor kollektivləri milli geyimlərdə çıxış edir, musiqi və rəqsləri ilə əsl bayram ab-havası yaradırdılar.
Bir qədər sonra şəhərin meri sakinləri salamladı və yüzlərlə insan nəhəng Litva bayrağı ilə meydana daxil oldu. Həmin an düşündüm ki, milli bayramlar təkcə təntənə deyil. Onlar xalqların yaddaşını yaşadır, keçmişi gələcəyə bağlayır.
Litvada 6 iyul Dövlətçilik Günü kimi qeyd olunur. Məhz 1253-cü ilin həmin günündə ölkənin ilk və yeganə kralı Mindauqas tac geyinərək Litva dövlətinin Avropa krallığı kimi tanınmasının əsasını qoyub.

Anikşi – meşələrin nəfəsi
Litvada son dayanacağımız ölkənin ekoturizm incilərindən biri olan Anikşi qoruğu oldu.
Yağış altında sıx meşənin içi ilə pilləkənləri qalxaraq ağacların zirvələri boyunca salınmış estakadaya çatdıq. Təxminən 300 metr uzunluğundakı bu piyada yolu insanı meşəyə yuxarıdan baxmağa imkan verən tamam başqa bir aləmə aparır.
Aşağıda sıx meşə, ətrafda sonsuz yaşıllıq, yuxarıda isə yağış damcılarının yarpaqlara toxunan səsi...
Marşrutun sonunda yerləşən 35 metrlik müşahidə qülləsindən açılan panorama isə sözün həqiqi mənasında nəfəs kəsirdi. Həmin an insan anlayır ki, Litvanın ən böyük sərvəti nə qədim qalalarıdır, nə də muzeyləri. Bu ölkənin əsas sərvəti qorumağı bacardığı təbiətidir.

Sakitliyin də dili var
Bir həftəyə yaxın davam edən səyahət başa çatdı.
Litvada olduğum günlər ərzində ən çox diqqətimi çəkən yalnız tarixi abidələr və ya möhtəşəm təbiət olmadı. Burada insanla şəhərin, şəhərlə təbiətin ahəng içində yaşaması məni heyrətləndirdi.
Küçələrdə səs-küy yoxdur. Tıxac demək olar ki, gözə dəymir. İnsanlar bir-birinin rahatlığını pozmamağa çalışır, velosiped və piyada mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Tarixi binalar isə müasir şəhərsalmanın içində öz dəyərini itirmədən yaşayır.
Mənim üçün Litva təkcə bir ölkə deyil, fərqli həyat fəlsəfəsi idi.
Vilnüs dövlətçiliyin ürəyi, Klaypeda Baltik dənizinə açılan qapı, Nida sakitliyin ünvanı, Palanqa yayın nəfəsi, Şaulyay milli yaddaşın simvolu, Kedaynay isə əsrlərin səssiz şahidi kimi yaddaşıma həkk olundu.
Bəzən səyahətdən yalnız şəkillərlə qayıtmırsan. Özünlə yeni baxış bucağı, yeni düşüncə tərzi də gətirirsən.
Litvadan ayrılarkən çamadanım əvvəlkindən daha ağır idi. Amma onu ağırlaşdıran aldığım hədiyyələr yox, topladığım xatirələr idi.
Bu ölkədən bir həqiqəti özümlə gətirdim: sakitlik də inkişafın göstəricisi ola bilər.
Səadət HAKIYEVA
P.S. Atalarımızın dediyi kimi, "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı." Dünyanın ən gözəl yerlərini gəzsən də, insanın ürəyi yenə öz Vətənində rahatlıq tapır.